Xorvatiyada “Sun Baku” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə xorvat və ingilis dillərində nəşr olunmuş “Sun Baku” kitabının təqdimat mərasimi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq və dostluq münasibətləri barədə, Zaqreb Bəyannaməsi fonunda son illərdə davam edən inkişaf yolu haqqında məlumat verib. Qeyd edilib ki, “Sun Baku” kitabı Azərbaycanın, xüsusən Bakı şəhərinin tarixi və mədəni abidələrini, gəzməli və görməli yerlərini fərqli bir baxış ilə işıqlandırmağa çalışıb.
Daha sonra kitabın müəllifi Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Rosana Svetiç Çişiç Azərbaycana səyahəti, Bakı şəhərində keçirdiyi vaxt və onu valeh edən gözəlliklər barədə məlumat verib. O, “Sun Baku”nun ərsəyə gəlməsində dəstək göstərmiş hər kəsə dərin təşəkkürünü bildirib.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç tədbirdə çıxış edərək, Azərbaycan ilə onu bağlayan dostluq və işgüzar münasibətlərdən danışıb, nəşr olunan kitabın Azərbaycana səyahət edəcək şəxslər üçün çox faydalı olduğunu, habelə investisiya qoyuluşunu planlaşdıran iş adamları üçün ölkənin mədəniyyətini, tarixini və insanlarını anlamağa böyük imkanlar yaratdığını vurğulayıb. Eyni zamanda, S.Mesiç bu kitabın daha çox insanda Bakıya səyahət etmək arzusu yaradacağına əminliyini bildirib.
Təqdimat mərasimində Xorvatiyada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Xorvatiya Dostluq Cəmiyyətlərinin Koordinasiya Şurasının Baş katibi və eyni zamanda, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Andrija Karafilipoviç, ölkədə fəaliyyət göstərən media nümayəndələri, habelə diaspor təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, “Sun Baku” kitabının növbəti həftələrdən etibarən Xorvatiyada yerləşən müxtəlif kitab məntəqələrində satışına başlanılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB