Ən qədim keramika istehsalı emalatxanası İzmirdə

8000 il əvvəl şəhərdə yaşamış keramika ustalarının barmaq izləri keramika istehsalında istifadə edilən xəmirin üzərində də tapılıb

Türkiyənin İzmir vilayətinin Kemalpaşa qəsəbəsindəki Ulucak kurqanında aparılan arxeoloji qazıntılar zamanı ortaya çıxarılan sexin ən qədim keramika istehsalı emalatxanası olduğu aydın olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

8000 il əvvəl şəhərdə yaşamış keramika ustalarının barmaq izləri keramika istehsalında istifadə edilən xəmirin üzərində də tapılıb.

Arxeoloji qazıntı qrupunun rəhbəri, professor Özlem Çevik emalatxananın keramika istehsalında ilk ixtisaslaşmanı fiziki olaraq göstərmək baxımından çox əhəmiyyətli olduğunu bildirib.

İzmirin ən qədim yaşayış yeri olan 8850 illik Ulucak kurqanında qazıntılar davam edir. Burada gün işığına çıxarılan arxeoloji tapıntılar İzmirin antik tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

Alimlərin qənaətinə görə, Ulucak kurqanı Ege bölgəsinin ilk əkinçilərinə ev sahibliyi edib. İlk məskunlaşanların 7,5 metrlik mədəni təbəqə boyunca evlərini üst-üstə tikdikləri və 1150 il fasiləsiz olaraq eyni yerdə yaşadıqları anlaşılır.

Bütün xəbərlər Facebook səhifəmizdə