Zaqatalada Aşıq Valehin yaradıcılığına həsr olunan gecə keçirilib

Avqustun 5-də Zaqatala Rayon Mərkəzi Kitabxanasında rayonun tanınmış saz-söz ustası Aşıq Valehin yaradıcılığına həsr olunan “Göyçədən Zaqatalaya başlayan yol” adlı gecə keçirilib. Gecədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, yerli qələm ustaları, ziyalılar və oxucular iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən (MKS) məlumat verilib.

Bildirilib ki, tədbirdə əvvəlcə ustad aşığın yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Mərasimi Zaqatala Rayon MKS-nin direktor əvəzi Leyla Məmmədova açaraq Aşıq Valehin həyat və yaradıcılığı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Aşıq Valeh Göyçə mahalında anadan olub, sonralar öz doğma el-obasından ayrılmaq məcburiyyətində qalıb. Ustad sənətkarın yaradıcılığında ən çətin anlarda ona qucaq açan və öz doğma elindən ayırmadığı Zaqatalaya, eyni zamanda Vətənə həsr edilən şeirlər xüsusilə seçilir.

Gecədə çıxış edən Zaqatala aşıq mühitinin araşdırılması və tədqiqində xüsusi xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova bildirib ki, Aşıq Valehin müraciət etdiyi mövzular klassik ənənəyə söykənir, eyni zamanda, müasir ictimai-siyasi durumu əks etdirir. Klassik ənənədə olduğu kimi, aşığın yaradıcılığında da məhəbbət, təbiət təsvirinə geniş yer verilir. Bununla yanaşı, ictimai-siyasi lirika, Vətən həsrəti, din və ürfan motivləri də özünəməxsus yer tutur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan Dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, şair Şakir İbrahimli və başqaları çıxışlarında aşığın insani keyfiyyətlərindən, yaradıcılığının rəngarəngliyindən, şeirlərində təbiətin canlı portretini yaratmasından, gördüyü gözəllikləri olduğu kimi, ustalıqla, qəlbinin saflığı və səmimiliyi ilə təsvir və tərənnüm etməsindən danışıblar.

Tədbirdə iştirak edən oxucular aşığın yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda çıxış edən Aşıq Valeh tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə