“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin təqdimat mərasimi keçirilib - TƏDBİR FOTOLAR

Qobustan Milli Tarix-Bədii Qoruğu tərəfindən qoruğun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə “Qobustan - Cingirdağ-Yazılıtəpətə və Sona qaya petroqliflərinin korpusu” kataloqunun təqdimatı olub, “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminə baxış keçirilib.

Tədbir çərçivəsində qoruğun nəşr etdirdiyi kitab, jurnal və bukletlərdən ibarət sərgi təşkil olunub. Sərgini canlı musiqi (trio) müşaiyət edib.

Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Bununla yanaşı qoruq elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun nəşridir.

2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb.

Qobustan Milli Tarix-Bədii Qoruğu həmçinin Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliği işini də bütün mümkün imkan və vasitələrlə davam etdirir. Bu məqsədlə mütəmadi tədbirlər həyata keçirən qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filmidir. Qobustan Milli Tarix-Bədii Qoruğunu sifarişi ilə ərsəyə gələn film dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə