Azərbaycanlı fotoqrafların əsərləri Tbilisidə açılan sərgidə

Tbilisidə Azərbaycanın tanınmış fotoqraflarının əsərlərinin sərgisi açılıb.

Sərgidə AZƏRTAC-ın foto müxbiri İlqar Cəfərovun da Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, məcburi köçkünlərin həyatından bəhs edən əsərləri də nümayiş etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri sərgidə iştirak edib, Azərbaycan fotoqraflarının əsərləri ilə tanış olublar.

Bildirilib ki, sərgi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində açılıb.

“Ground Zero” adlı sərgi Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkətinin təşkilatçılığı ilə reallaşıb.

Səfir Azərbaycan fotoqrafları Fəxriyyə Məmmədova, Zaur Mirzəyev, Sitarə İbrahimbəyli, Emil Xəlilov, İlqar Cəfərov, Sevinc Pirizadeh –Aslanova, Əli Rza, Nina Sevnyova, İlkin Yaqubov və Elşən Babanın əsərlərinə baxıb, onların Tbilisidə nümayiş etdirilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, sərgidə Gürcüstanda yaşayan soydaşımız Şahvələd Ayvazova (Şah Ayvazov) məxsus tarixi fotolar da nümayiş etdirilib.

Bildirilib ki, sərgidə Azərbaycan, Ermənistan və Gürcüstan fotoqraflarının, ümumilikdə 300 şəkli nümayiş olunacaq. Təşkilatçıların bildirdiyinə görə, tədbirin məqsədi Cənubi Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir.

Qeyd olunub ki, fitnəkar Ermənistan fotoqrafları bu dəfədə də öz məkrli və çirkin əməllərindən əl çəkməyiblər. Onların bəzi fotolarında Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə kölgə salmağa yönəlmiş yazıları, bəzilərində isə Azərbaycan ərazilərinin erməni adı ilə verilməsi və s. kimi təxribatçı əməllər olub.

Azərbaycanın Gürcüstandakı səfirliyi dərhal məsələyə müdaxilə edib və Ermənistan fotoqraflarının riyakarlığının qarşısını alıb.

Səfirliyin məsul əməkdaşları tədbirin təşkilatçılarından olan Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyasının rəhbəri David Tsxadadzeyə sərginin açılış mərasimində sərt irad bildirib və erməni fotoqrafların şəkillərinə verilən yazılarda Azərbaycan əleyhinə olan hissələrin çıxarılmasını tələb ediblər. Səfirliyin çevik reaksiyasından sonra ermənilərin təxribatçı mətnlərinin olduğu lövhələr sərgi zalından yığışdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...