Akademik Musiqili Teatrda premyera - “Məchul pilləkən”

İyulun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşanın premyerası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə