Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı

Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu bu gün başa çatdı.

Konvensiya üzrə təlimçi, Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostal mədəni sərvətlərlə bağlı cinayət aktları, milli cinayət qanunvericiliyində tələb olunan uyğunlaşma məsələləri, beynəlxalq səviyyədə müharibə cinayətləri kontekstində mədəni mülkiyyətin dağıdılması, hərbi komandirlərin məsuliyyəti, insanlıq əleyhinə cinayət təqibi, genosid, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası təcrübələrindən bəhs etmişdir. Həmçinin, tematik viktorina, xüsusi nümunəvi ssenarilər üzərindən keys stadilər və sual-cavab sessiyası təşkil edilmişdir. Son hissədə, Dr. Marina Lostal 3 təlim gününün keçilmiş mövzularını bir-bir iştirakçılarla birgə müzakirə edərək öyrənilmiş bilikləri daha da möhkəmləndirmişdir.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim iştirakçılarını təlim kursunda uğurlu iştirakı münasibətilə təbrik edərək proqram çərçivəsində elan edilmiş Milli İrs Platforması (“İrs Azərbaycan” / “Heritage Azerbaijan” platforması) haqqında məlumat vermişdir və bu kursun iştirakçılarının da platformada yer alaraq aktiv iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir. V.Eyvazzadə qarşıda baş tutacaq növbəti təlim kursları barədə məlumat vermişdir, İrs təlimləri məzunları kimi bütün təlim kurslarının iştirakçılarının Milli İrs Platformasında aparıcı qüvvə olacağına inandığını qeyd etmişdir. Ən sonda, təlim kursunun iştirakçıları sertifikatlarla təltif edilmişdir.

Təlim kursunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, AMEA-nın müvafiq institutlarının, Memarlıq və İnşaat Universitetinin və ADA Universitetinin nümayəndələri iştirak etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə