Şəhid övladlarının zəfər sədası

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyələşdirilən layihənin rəhbəri Həcər Əkbərovanın TRT/Azerbaycan saytına verdiyi məlumata görə...

Azərbaycanda 30 şəhid övladından ibarət “Zəfər” uşaq xor qrupu təşkil edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyələşdirilən layihənin rəhbəri Həcər Əkbərovanın TRT/Azerbaycan saytına verdiyi məlumata görə, klip Polat Həşimovun şəhid olduğu Tovuz rayonunda çəkilib.

H.Əkbərova sözügedən mövzu ilə bağlı deyib: “Zəfər” xor qrupunu yaratmaqda əsas məqsədimiz şəhid övladları arasında dostluq bağlarını yaxınlaşdırmaq, cəmiyyətə şəhid əmanətlərini tanıtmaq, şəhid övladlarının səsi ilə atalarını ehtiramla yad etməkdir.

26 İyun Azərbaycan Silahlı Qüvvələri Gününə ərməğan olaraq hazırladığımız layihənin və mahnının adı "Şəhid övladlarının zəfər sədası"dır. Popuri 3 mahnıdan ibarətdir: “Xudayar” təsnifi, türk xalq mahnısı “O ev bizim evimizdir” və sözləri Baba Vəziroğlu, musiqisi Sevinc Tofiqqızına məxsus “Zəfər” mahnısı. Aranjımanı Tural Məmmədliyə məxsus klipin rejissoru Elçin Ağazadədir. Mahnı xor müəlliməsi Firəngiz Xəlilovanın əməyi sayəsində ərsəyə gəlib. Layihəyə Günel Süleymanova və Şəfa Əmirova dəstək veriblər.

İstəyirik ki, xüsusilə əlamətdar günlərdə radio və televiziyalarda şəhid övladlarının səsi ilə qəhrəman, ölməz ataları yad olunsun, unudulmasın.

2022-ci il üçün daha iki mahnı layihəmiz var. Bilirik ki, şəhid ailələri 30 ailədən ibarət deyil, ona görə də üzdə olmayan şəhidlərimizin də övladlarını üzə çıxarmaq istəyirik ki, onları da xalqımız tanısın.

Uşaqlar elə sevinir ki, mahnı ifa edəndə. Bununla atalarının da ruhu şad olmuş olur.

Bütün xəbərlər Facebook səhifəmizdə