Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsi anılıb

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsi vəfatının 14-cü ildönümündə Qırğızıstanın paytaxtı Bişkekdə məzarı önündə yad edilib.

Milli Elmlər Akademiyasının üzvləri, həmkarları və pərəstişkarları Aytmatovun Ata-Beyit Milli Tarix-Memorial Kompleksindəki məzarı üzərinə çikək dəstələri düzüb, dualar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, mərasimdə yazıçının oğlu Əsgər, qızı Şirin, kiçik oğlu Eldar və həyat yoldaşı Sabirə xanım da iştirak edib.

Mərasim zamanı Milli Elmlər Akademiyasının üzvləri ziyarətçilərə müəlliflə bağlı xatirələrini danışıblar. Akademiyanın əməkdaşları və tələbələri isə yazıçının əsərlərini oxuyublar.

Aytmatovun ailəsi mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.

Yazıçının qızı Şirin xanım Aytmatova açıqlamasında: “ Aramızdan 14 il əvvəl ayrıldı. Lakin onun əsərləri ilə fəxr edirik. Bir oxucu kimi deməliyəm ki, atam dünyanın bu günlərə ehtiyac duyduğu humanizmin, ağılın səsidir” .

1928-ci il dekabrın 12-də Talas rayonunun Şəkər kəndində anadan olan Çingiz Aytmatov 2008-ci il iyunun 10-da müalicə olunduğu Almaniyada vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə