14 nömrəli UMM-də "Vətənim, Azərbaycanım, Şuşam!" adlı tədbir keçirilib - FOTOLAR
İyunun 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli Uşaq Musiqi Məktəbində “Vətənim, Azərbaycanım, Şuşam!” adlı tədbir keçirilib. “Şuşa ili”nə həsr edilmiş bu tədbir eyni zamanda məktəb kollektivinin hesabat konserti idi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov Baş İdarənin, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, musiqi və incəsənət məktəblərinin direktorları, rayon ictimaiyyəti iştirak ediblər.
Aparıcı Lalə Quliyevanın Şuşa şəhəri, Zəfər tariximiz haqqında verdiyi məlumatlar maraqla dinlənildi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşanın azad olunması müjdəsinin xalqa çatdırmasından, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü misilsiz işlərdən fraqmentlər göstərilib.
V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin zalında keçirilən tədbirdə şagirdlərdən S.Atakişizadə, Z.Məmmədzadə, X.Cəbrayılova, G.Bağırlı, X.Məmmədova, Ş.Çarçallı, A.Atakişiyeva, F.Əliyev, F.Əlili, V.Abbaszadə, G.Qədimova, A.Mənsurlunun ifasında Azərbaycan bəstəkarlarının əsərləri, xalq musiqimiz səsləndi. Xor kollektivi, “Ada” instrumental ansamblı, nağaraçalanlar ansamblı, I sinif şagirdlərinin ibarət xalq çalğı alətləri ansamblının çıxışları alqışlarla qarşılanıb.
“İpək yolu” kamera orkestrinin iştirakı konsertə xüsusi rəng qatıb. Əməkdar artist Vaxtanq İmanovun bədii rəhbərliyi və dirijorluğu ilə peşəkar musiqiçilər şagirdləri həvəslə müşayiət edib. Orkestrlə birlikdə VII sinif şagirdi Aqşin Məmmədlinin ifasında F.Sücəddinovun “Vətən balladası” tədbirin ən uğurlu nömrələrindən biri olub.
Tədbirin sonunda söz 14 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Səadət Eminovaya verilib. Səadət xanım çıxış edərək, ilk növbədə yaradılan şəraitə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə kollektiv adından öz təşəkkürünü bildirib. Qeyd edib ki, bugünki konsertimiz də məhz Prezidentin imzaladığı Sərəncama əsasən “Şuşa ili”nə həsr olunub.
Sonra Səadət xanım qonaqlara öz təşəkkürünü bildirib və qeyd edib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin Pirallahı rayonuna gəlib məktəbimizin tədbirində iştirak etməsi məktəb kollektivimizi daha da ruhlandırıb: "Biz bundan sonra da var gücümülə çalışıb, məktəbimizin adını daim ucalarda tutacağıq. Biz istəyirik ki, belə bir konsert işğaldan azad edilmiş, mədəniyyətimizin beşiyi Şuşada təşkil olunsun".
Məmmədhəsən Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB