İlk dəfə inklüziv pantomim tamaşa təqdim olunub

Azərbaycan Film Akademiyası və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Səssizlik” inklüziv pantomim tamaşa təqdim olunub. Tamaşada iştirak edənlərin əksəriyyəti eşitmə və nitq məhdudiyyətli gənclər olublar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Film Akademiyasının rəhbəri Zaur Tahirsoy eşitmə məhdudiyyətli gənclərin iştirakı ilə pantomim tamaşa ərsəyə gətirilməsinin onun çoxdankı arzusu olduğunu bildirib: "Mənə bununla bağlı müraciət ediləndə çox sevindim. Uzun müddətdir arzu etdiyim bir iş ərsəyə gəldi. Azərbaycan Film Akademiyası olaraq aktyorluq qabiliyyəti olan eşitmə və nitq məhdudiyyətli gənclərimizin karyerası üçün dəstəyimizi əsirgəməyəcəyək, onların bu sahədə irəliləməsinə kömək edəcəyik".

İctimai birliyin koordinatoru, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva Azərbaycanda ilk dəfə təqdim olunan inklüziv pantomim tamaşanın əsas məqsədinin eşitmə məhdudiyyətli şəxsləri cəmiyyətə adaptasiya etmək olduğunu deyib.

Təşkilatın rəhbəri Şamil Sabirzadə tamaşanın ərsəyə gəlməsi üçün eşitmə məhdudiyyətli gənclərin üç ay ərzində məşqlərdə iştirak etdiklərini və bu işin öhdəsindən uğurla gəldiklərini diqqətə çatdırıb.

Sonra pantomim tamaşa nümayiş etdirilib. Müxtəlif mövzuları əhatə edən tamaşada Milli Qəhrəman Mübariz İbrahimovun obrazı da canlandırılıb.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, aktyor və rejissor Zaur Əliyevdir. Tamaşada ictimai birliyin rəhbəri Şamil Sabirzadə və koordinatoru Könül Quliyeva da rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə