“Xarıbülbül” festivalı həm də böyük siyasi əhəmiyyətə malikdir - DEPUTAT DANIŞDI

“Milli musiqimizin beşiyi sayılan Şuşa öz gözəlliyi, əsrarəngiz təbiəti, dünya şöhrətli xanəndələri, ədibləri, musiqiçiləri, ictimai xadimləri ilə nəinki Qafqazda, hətta bütün dünyada məşhurdur. Bu qədim torpağımız həmişə dünyanın diqqətində olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.

Millət vəkilinin sözlərinə görə, dünya mədəniyyətinə verdiyi bütün bu töhfələrlə yanaşı, Şuşanı beynəlxalq aləmdə tanıdan hadisələrdən biri Cıdır düzündə keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı olub: “Ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlayan “Xarıbülbül” beynəlxalq musiqi festivalı böyük əhəmiyyətə malik olub. Azərbaycanın incəsənət beşiyi olan doğma Şuşa şəhərimiz Ermənistanın işğalından azad olunduqdan sonra Şuşada bu festivalın keçirilməsi ənənəsi bərpa edildi. Şuşa işğaldan azad olunandan sonra ilk dəfə 2021-ci il mayın 12-də və 13-də "Xarıbülbül" festivalı keçirildi. Bu, mühüm mədəni hadisə olmaqla yanaşı, həm də böyük siyasi əhəmiyyətə malikdir.

32 ildən sonra Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin dünyada tanıdılmasına və gələcək nəsillərə ötürülməsinəmisilsiz töhfədir.

Şuşa azad olunandan sonra 2022-ci il 12-14 may tarixlərində isə ikinci “Xarı bülbül” festivalı keçirildi. Bu festivalların siyasi əhəmiyyəti ondan ibarətdir ki, bütün dünya Şuşanın əsl sakinlərinin bizlər olduğunu görür və başa düşür. Dünya görür ki, Şuşa əsl sahiblərinə qayıtdıqdan sonra necə dəyişir. İşğaldan azad edilmiş ərazilərimizə, şəhər və kəndlərimizə yeni nəfəs gəlir. Bütün bunlar dünya ictimaiyyəti üçün, anlayan insanlar üçün mühüm mesajdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...