“Xarıbülbül” festivalının Şuşada keçirilməsi tarixi əhəmiyyəti var - DEPUTAT ŞƏRH ETDİ

"Bu il mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” festivalı Şuşa şəhərinin 270 illiyinə təsadüf edir. Bildiyimiz kimi Prezident İlham Əliyev 2022-ci ili Şuşa ili elan etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, “Xarıbülbül” festivalının keçirilməsi bir daha bütün dünyaya Azərbaycan xalqının multikultural dəyərlərə böyük dəyər verən bir xalq olduğunu nümayiş etdirdi: "Xaricdən gələn musiqiçilər, mədəniyyət xadimləri şahidi oldular ki, Azərbaycan xalqı yüksək və qədim mədəniyyətə malik bir xalqdır. “Xarıbülbül” festivalının keçirilməsinin siyasi mənası da var. Bütün dünya ermənilərin bu torpaqlarda törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər. Şuşanı öz torpaqları hesab edən bir xalq heç vaxt bu vəhşilikləri etməzdi. Ermənilər bu hərəkətləri törətməklə bir daha sübut etdilər ki, bu torpaqlar heç vaxt onlara məxsus olmayıb. Şuşanın hər dağında, hər daşında azərbaycanlıların ruhu yaşayır. Cənab Prezidentin qeyd etdiyi kimi artıq bu şəhərin əsl sahibləri qayıdıb və əbədi olaraq bu torpaqlarda yaşayacaq. Bu gün Şuşa tarixi görkəmini saxlamaqla dünyanın ən füsunkar şıhərinə çevriləcək. “Xarıbülbül” festivalı hər il daha da genişlənəcək. Yaxın gələcəkdə Şuşa şəhəri artıq Qafqazın deyil, dünyanın mədəniyyət incisi olacaq. Bu baxımdan “Xarıbülbül” festivalının Şuşada keçirilməsi tarixi əhəmiyyətə malikdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə