Şuşanı görən hər kəs heyrətlənir - FOTOREPORTAJ

Uşaqlığımdan bəri hər zaman kitablardan oxuyub, böyüklərdən eşitdiyim şəhəri əyani şəkildə görmək iki il əvvələ qədər yuxu kimi görünürdü. Lakin bu şəhərdə artıq bir çox beynəlxalq tədbirlər keçirilir. İstər mədəni, istərsə də siyasi tədbirlərin burada yəni işğaldan yeni azad olunmuş Şuşada keçirilməsinin isə böyük əhəmiyyəti var. Belə ki, ilk növbədə bu tədbirlər sayəsində Şuşa bütün dünyada tanıdılır. Eyni zamanda Şuşanın bu qədər qısa müddət ərzində infrastrukturunun yenidən qurulması, mədəniyyət abidələrinin bərpası istiqamətində görülən işlər bu şəhəri görən hər kəsi heyrətləndirir. Sanki iki əvvəl heç bu şəhərdə erməni vandalları yaşamayıb, sanki Şuşa heç onların vəhşiliklərinə məruz qalmayıb. Bu baxımdan Şuşadakı inkişaf nəinki Azərbaycan xalqının, hazırda bölgənin və bir çox dünya dövlətlərinin diqqətini özünə çəkir. Bu gün Şuşa həqiqətən ona verilən mədəniyyət paytaxtı statusunu layiqincə daşıyır.

Hər kəsə məlumdur ki, 12-14 may tarixlərində yenidən bütün dünyanın diqqətini Qarabağa, xüsusilə də Şuşaya çəkən V Beynəlxalq "Xarıbülbül" Festivalı keçirildi. Bu festival nəticəsində yenidən dünya Şuşanın seyrinə çıxa bildi.

Bu festival ilk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmişdir. II Qarabağ müharibəsində əldə edilmiş zəfər nəticəsində 30 illik aradan sonra 2021-ci ildə yenidən Qarabağın incisi olan Şuşada "Xarıbülbül" festivalı keçirilməyə başlanıldı.

2022-ci il 12-14 may tarixlərində keçirilən V Beynəlxalq "Xarıbülbül" Festivalı isə yenə də möhtəşəmliyi ilə göz oxşayırdı. Təbii ki, biz də "Səs" İnformasiya Agentliyi olaraq (SİA) Şuşada, Cıdır düzündə baş tutan bu möhtəşəm festivalı izləməyə yollandıq.

Şuşaya gedəcəyimizi eşitdikdə keçirdiyimiz hisləri sözlə ifadə etmək çox çətindir. Bir həftə ərzində yola çıxacağımız günü “iplə çəkirdik”. Nəhayət zaman yetişdi və biz Şuşaya doğru uzanan yola çıxdıq. İlk saatlarda yol bizim üçün olduqca sıxıcı və maraqsız keçsə belə bütün bu sıxıntılar Qarabağa ayaq basdıqdan sonra bitdi. Həqiqətən də yol boyu hər qarış artıq bir məna kəsb etməyə başladı. Maşınımızda Şuşaya bir nəçə dəfə yollanan jurnalist yoldaşımızın olması isə bizim üçün olduqca xoş idi. Çünki Şuşaya çatana qədər heç bir sualımız cavabsız qalmırdı. Yolda diqqətimizi çəkən hər bir şey bizdə sual doğururdu və bu suallara cavab tapa bilmək isə olduqca xoş idi. Yol boyu erməni vandalizminə məruz qalaraq dağıdılmış evləri görmək içimizdəki nifrət hissəni nə qədər oyadırdısa, bu qədər qısa bir müddət ərzində bərpa olunmuş yolları, çəkilmiş elektrik xətlərini görmək isə bizi bir o qədər də qürurlandırırdı.

Nəhayət Şuşaya çatdıq və biz çatan zaman artıq sonuncu günün konsertlərinə start verildi. Səhnədəkiləri izləyərkən ilk diqqətimi çəkən səhnənin arxasını bağlamadıqları üçün Şuşanın füsunkar təbiətini də izləmək mümkün idi. Yəni səhnədəki çıxışlar qədər arxa fondakı təbiət də bizim ruhumuzu oxşayırdı. Şuşada olduğumuz bir gün içərisində ciyərlərimizi o təmiz hava ilə doldurub, ruhumuzun dincəldiyini hiss etdik. Çalışdığımız qədər Şuşanı yaddaşımıza həkk etdik.

Təbii ki, bura gəlməkdəki əsas məqsədimiz olan "Xarıbülbül" Festivalını da unutmadıq. Festival həqiqətən də bir çox mədəniyyətləri özündə əks etdirirdi. Folklor qruplarının, rəqs kollektivlərinin, musiqiçilərin biri-birindən maraqlı çıxışları insana böyük bir zövq verirdi. Xüsusilə də burada sanki hər kəs biri-birini çoxdandı tanıyırdı, yəni insanlar arasında gözəl və mehriban bir münasibət var idi. İnsanlar təbiət qoynunda əyləşərək, mədəniyyət nümunələrindən zövq alırdılar.

Şuşa öz mədəniyyət ruhunu əks etdirməklə yanaşı bu festivalda həm də müxtəlif xalqların musiqisinə, mədəniyyətinə yer verib. Festivalda 10 xarici ölkənin müxtəlif folklor qrupları rəqs kollektivləri və mədəniyyət xadimləri öz səhnə əsərləri ilə izləyənlərin mədəni istirahətlərini təmin edərək, onlara zövq dolu anlar yaşadıblar.

V "Xarıbülbül" Beynəlxalq Festivalının sonuncu günü ilə bağlı Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin əməkdaşı Leyla Sarabi festivalın Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə keçirildiyini bildirdi:

“Bu gün 14 may tarixində festivalın sonuncu gününə yığışmışıq. Gördüyünüz kimi möhtəşəm tədbir keçirilir. Burada həm Azərbaycan folklorunun, həm də xarici caz ifaçılarının müxtəlif rəqs kollektivləri və folklor qruplarının çıxışları baş tutacaq. Misirdən gələn caz ifaçısının sədaları altında hər kəsin xoş zaman keçirəcəyindən əminik. Ümumilikdə bu üç gündə möhtəşəm tədbirlər keçirildi. Şuşa sanki canlandı, öz mədəniyyət, musiqi ruhuna qayıtdı. Ümid edirik ki, Şuşada bu cür tədbirlərimiz davamlı şəkildə keçiriləcək”.

Diqqətimi çəkən məqamlardan biri də burada könüllərin, yəni gənclərin də iştirak etməsi oldu. Belə ki, onlar işləməklərinə baxmayaraq hər kəsə xoş münasibət göstərirdilər. "Bir Tələbə Könüllülərinin Əməkdaşlığı" İctimai Birliyinin könüllüsü Murad Zərgərov:

“Biz V Beynəlxalq "Xarıbülbül" festivalında qonaqların qarşılanması, yerləşdirilməsi və yönləndirilməsi işinə baxırıq. Eyni zamanda xarici qonaqların səhnə arxasındakı hazırlıq proseslərinə də yardımçı oluruq.

Şuşa isə möhtəşəmdir. İlk dəfədir ki, Şuşaya gəlirəm və bura məni heyran etdi. Bir vaxtlar şəkillərdə gördüyüm yerdə olmaq isə məni çox xoşbəxt edir”.

“5 il davamlı olaraq Şuşaya gəlsək, biz artıq buranı tanımayacağıq”. Bu sözləri isə Balakən rayonu Cahan Folklor Xalq Kollektivinin rəhbəri Mehriban Çukayeva bildirib. O diqqətə çatdırıb ki, keçən il də festivalda iştirakla əlaqədar Şuşaya gəlib: “Lakin bu il ilə keçən il arasında Şuşadakı bərpa işləri olduqca diqqətimi çəkdi. Yolların təmiri, elektrik xətlərinin çəkilməsi Şuşanın tez bir zamanda nə qədər inkişaf etdiyini göstərir.

Biz festivala 13 nəfərlik heyətlə qatılmışıq. Festival üçün aprelin 20-dən məşqlərə başlamışdıq. Məşqlər öz rayonumuzda baş tutsa da iki dəfə baxış məşqi üçün Bakıya yollanmışıq. Bu gün isə burada Şuşada, Cıdır düzündə yenidən çıxış edəcəyimiz üçün çox xoşbəxtik”.

Festivalın açılış mərasimi nə qədər möhtəşəm idisə, bağlanış mərasimi də bir o qədər füsunkar idi. Xüsusilə sonda istər iştirakçıların, istərsə də izləyənlər yəni hər kəsin birlikdə birliyin rəmzi olan yallı havası ilə Cıdır düzündə rəqs etməsi isə insanın içini fəxr hissi ilə doldururdu.

Yaşasın Azərbaycan!!!

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə