Bu gün yenə də bütün dünyanın gözü Şuşadadır - DEPUTAT AÇIQLADI

"Bu gün Qarabağa hər gedişimiz və orada həyata keçirilən hər bir fəaliyyətin arxasında əlbəttə ki, güclü Azərbaycan dövləti, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimiz dayanır". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Şuşada növbəti “Xarıbülbül” festivalı keçirilir: "Bu gün yenə də bütün dünyanın gözü Azərbaycanda – Şuşadadır. Biz bununla bütün dünyaya bir daha bəyan edirik ki, biz artıq qayıtmışıq, biz Şuşadayıq. 30 ildən artıq tapdaq altında qalan torpaqlarımızın hər qarışı uğrunda qəhrəmanlıqla mübarizə apardıq.

Kapitulyasiya aktının imzalandığı gündən artıq Şuşaya yol çəkilməsi, Qarabağda infrastruktur işlərinə başlanılması özlüyündə Azərbaycanın bir daha iradəsindən, qətiyyətindən xəbər verir. Bu nailiyyətlərin hər birinin arxasında ölkə başçısı İlham Əliyevin dəmir iradəsi dayanır. Bütün dünya bir daha bu gün Azərbaycanın gördüyü işlərin şahidi olur. Biz Qarabağın hər bir bölgəsini yenidən cənnət məkanına çevirəcəyik. Məcburi köçkünlərimiz və qaçqınlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan bundan sonra inkişaf etmiş ölkə olaraq Cənubi Qafqazın parlaq bir ulduzu kimi hər zaman parlayacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə