"Köhnə çamadanlar" adlı bədii filmin təqdimatı olub

Bu gün Nizami Kino Mərkəzində "Köhnə çamadanlar" adlı tammetrajlı bədii filmin təqdimatı olub. SİA xəbər verir ki, 2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar" adlı tammetrajlı bədii film RS Production, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilmişdir.

Real hadisələr əsasındə çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdıği müxtəlif qadınlar - döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və köçkün qadınlardır. Süjetdə əsas etibarilə bu qadınların həyatının müharibə dövrünü əhatə edən epizodlar öz əksini tapır. Birinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulan filmdə müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, savaşın təsirləri ilə mübarizəsi ön planda görünür. Nikbin sonluqla, İkinci Qarabağ müharibəsindən sonra qələbəmizə vurğu ilə bitən lirik-psixoloji dramda əsas rolları respublikanın xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova, həmçinin digər görkəmli teatr və kino xadimləri, məşhur aktyorlar rol alırlar.

Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları və qaziləri, eləcə də Sərhəd Qoşunlarında hazırda xidmətini davam etdirən hərbçilərimiz aktyor kimi özlərini sınayıblar. Belə ki, ǝsas rollarla yanaşı kütləvi səhnələrdə onların həm real xatirələrindən, həm də aktyor potensiallarından istifadə olunub. Filmin təsir gücünü artıran başqa bir məqam isə odur ki, bu filmdə Qarabağ müharibəsi əlilləri, eləcə də sağlamlıq imkanları məhdud müxtəlif yaşlı istedadlı şəxslər də rol alırlar. Kütləvi səhnələrin əsas ifaçılari məhz əlilliyi olan şəxslərdir. Birinci Qarabağ müharibəsindən bəhs edən, gerçək savaş hadisələri və xatirələrini əsas götürən ekran işində biz qəhrəmanlarımız olan qadınların prototiplərini də görmüş olacağıq. Onu da qeyd edək ki, 90 nəfərə yaxın heyəti olan filmdə 20-dən çox əlilliyi olan şəxs iştirak etmişdir.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

"OYUN" inklüziv teatr MMC-nin istehsalı filmin baş sponsorları RS Production ve Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limani QSC və AK Company-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə