Əsəs məqsəd bölgənin memarlıq irsinə diqqəti cəlb etməkdir - REKTOR DANIŞDI

““Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın mövzusu çox aktualdır. Konfransımız beynəlxalq xarakter daşıyır, xarici ölkələrdən qonaqlarımız var”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bildirib.

Onun sözlərinə görə, bildiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı Prezidentin rəhbərliyi ilə torpaqlarımızı azad etdikdən sonra, o ərazilərdə olan böyük dağıntıların miqyasını biz bir daha dərk etdik və gözlərimizlə gördük: “Ərazi, bu bölgə abidələrlə olduqca zəngindir. Abidələr arxeoloji qazıntılar şəklində yəni, insan cəmiyyətinin ən qədim dövrlərindən 18-ci əsrə qədər davam edən bütün mərhələləri əhata edir. Hər bir mərhələ öz nişanəsini, öz izini bu torpaqlarda qoymuşdur. Çox təəssüf ki, bu gün biz müşahidə edir və görürük ki, o abidələrə çox böyük ziyan vurulub. Onların bir hissəsi ümumiyyətlə yer üzündən silinib və onların bərpası mümkün deyil. Digərlərinə isə çox böyük ziyan dəyib. Xüsusilə də islam mədəniyyətinə aid abidələr amansızcasına dağıdılıb. Bununla yanaşı Alban memarlığına aid abidələrin də bərpasına ehtiyac var. Burada qanunsuz şəkildə dəyişikliklər edilmişdir ki, bunun da əsas səbəbi o mədəniyyət abidələrini erməni mədəniyyətinə uyğunlaşdırmaq idi.

Bu gün konfransda iştirak edən xarici qonaqlarımız da bu məsələlərlə daha yaxından tanış olacaqlar. Məqsədimiz odur ki, bölgənin memarlıq irsinə diqqəti bir daha cəlb etməkdir. Bizim qarşımızda bərpa ilə bağlı çox böyük vəzifələr dayanır. Bu işlər ilk növbədə araşdırmaların geniş miqyasda aparılmasını tələb edir. Yanlız elmi-tədqiqat işlərindən sonra bərpa işlərinə başlanılmalıdır. Bu işlər çox vaxt aparacaq, amma tələsmək lazım deyil. Diqqətlə və çox böyük qayğı ilə bu işlər ilə məşğul olmaq lazımdır. İtirilən, dağıdılmış abidələrimizi xalqımıza qaytara bilmək üçün ardıcıl işlər görüləcək”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə