“Xalça bağları” silsilə əsərləri təqdim olunub - FOTOLAR

Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib. Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, burada yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim olunub.

Sərgidə tamaşaçılar rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış olub. Belə ki, ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilib. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.

Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı da keçirilib. Tədbirdə həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət video-çarx, sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın, rəssam Yelena Haqverdiyevanın iştirakı ilə çəkilmiş video nümayiş olunub.

İyunun 19-dək davam edəcək sərgi çərçivəsində muhazirələr, ustad dərsləri təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə