Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub

Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin olunub. SİA xəbər verir ki, aprelin 13-də Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində yeni rəhbərin kollektivə təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri – Aparatın rəhbəri v.i.e Vüqar Məmmədov İbrahim Əliyevi kollektivə təqdim edən zaman Baş İdarənin Nazirliyin aparıcı qurumlarından biri olduğunu və bir çox əhəmiyyətli tədbirlərin təşkilində aparıcı rol oynadığını, burada çalışan mütəxəssislərin nazirlik çərçivəsində ekspert kimi cəlb edildiyini xüsusilə vurğulayıb. “Şuşa ili” çərçivəsində keçiriləcək tədbirlərdə, təcrübə mübadilələri zamanı Baş İdarədə çalışan mütəxəssislərin yaxından iştirak etmələrini, bölgələrlə paytaxt müəssisələri arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İbrahim Əliyev çıxışında mədəniyyət naziri Anar Kərimova göstərilən etimada görə təşəkkürünü bildirib və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində qarşıya qoyduğu vəzifələri Bakı şəhəri üzrə uğurla yerinə yetirməyə çalışacağını söyləyib.

Daha sonra V.Məmmədov İdarə qarşısında duran əsas vəzifələrdən söhbət açıb və altı ay ərzində strateji qiymətləndirmələrin aparılması, həssas təbəqələrlə, xüsusilə şəhid ailələri və qazilərlə işin müntəzəm aparılması, mətbuatla iş, ictimaiyyətlə əlaqələrin genişləndirilməsini vurğulayıb. Bu sahələr üzrə tövsiyələr verərək kollektivə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə