Londonda yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər

SİA APA-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov, Lordlar Palatasının üzvü Lord David Evans, Londonun Enfild bölgəsinin meri Sabri Özaydın, Hakney bələdiyyə rəsmisi Can Ozşen, Britaniyada yaşayan Azərbaycan və Türk diasporunun üzvləri iştirak ediblər.

Elin Süleymanov çıxışında Novruz bayramının tarixi haqqında məlumat verib, belə gözəl bir bayramda Britaniyada yaşayan həmyerlilərimizin bir araya gəlməsinin əhəmiyyətindən danışıb. Səfir xalqımızı bayram münasibəti ilə təbrik edib.

Lord David Evans da Novruz ilə bağlı xoş arzularını çatdırıb və azərbaycanlılarla bir arada bu əziz bayramı keçirməkdən xoşbəxt olduğunu bildirib.

Tədbir zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri milli geyim, rəqs nömrələri və mahnılarla çıxış ediblər. Şənlikdə qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Novruz şirniyyatları təqdim olunub.

Bədii hissədə xalq artisti Fidan Hacıyeva əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevun “Azərbaycan” əsərini və xalq mahnılarını ifa edib. Musiqi gecəsi Rasim Fərziyevin rəhbərlik etdiyi ansamblın çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, tədbir Londonda yaşayan azərbaycanlılardan Sevinc Nabiyeva, Qasım Qurbanov, Fəridə Pənahova, və Orxan Mustafayev tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə