Azərbaycan musiqisini zənginləşdirən böyük bəstəkar - ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə saxlanılır. Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun demokratikləşməsinə, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqlarının köklü şəkildə modernləşdirilməsi və yenidən qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Əlbəttə ki, mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir.

Müasir həyatımızda yaradıcı simaların, mədəniyyət və incəsənimizin görkəmli nümayəndələrinin fəxri ad və mükafatlara layiq görülməsi də təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlar ilə Azərbaycan mədəniyyəti və incəsənətinə töhfələr vermiş sənətkarların yubiley tədbirlərni keçirilməsi də bu sahəyə ayrılan diqqətin təzahürüdür. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı sənət xadimlərimizə ayrılan diqqətin daha bir nümunəsidir. Sərəncama əsasən, Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə almaqla tədbirlər planı hazırlanıb həyata keçirəcək.

Görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. O, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsərin müəllifidir. Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. Bəstəkarın "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" yaradıcılığının dəyərli səhifələridir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E.Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.
F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz", "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəstələmişdir.

Onun yüz illiyi UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilib. Bu Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə