Həmin gün teatr aləmi hər kəsin üzünə açıq olacaq - SEKTOR MÜDİRİ DANIŞDI

“Bu gün 10 Mart Milli Teatr günüdür. Bu il peşəkar milli teatrımızın 149 yaşı tamam olur”. Bu sözləri SİA-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə cənab Prezidentin müvafiq sərəncamı ilə 10 Mart Milli Teatr günü dövlət səviyyəsində qeyd olunur: “Doğrudur bu günə qədər bu lokal formada qeyd olunurdu. Ancaq teatr ictimaiyyəti, sənəd adamları bayramın varlığından xəbərdar idilər. Buna görə də biz Mədəniyyət Nazirliyi olaraq çalışdıq ki, bu il bunu daha geniş auditoriyaya çatdıraq və qeyri-teatral kütlənin də diqqətini bu gün milli teatrımıza cəlb edə bilək. Hər kəs bundan xəbərdar olsun. Bu məqsədlə biz bu gün səhər saat 09:00 radələrində İşərişəhər metrostansiyasının girişində kiçik səhnəciklər və flaşmoblardan ibarət tədbir həyata keçirdik. Bu işdə bizə dəstək göstərdiklərinə görə Bakı Metropoliteninin rəhbərliyinə, eləcə də bu gün Gənclik Mall-da baş tutan tədbir üçün də Gənclik Mall rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Bu layihədə bizim tərəfdaşlarımız da var idi. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bütün heyəti ilə bu tədbirin keçirilməsində yaxından köməklik göstərib. Mədəniyyət və İncəsənət Universitetinin ikinci kurs tələbələri bizimlə birgə idilər. Bununla bağlı Mədəniyyət Nazirliyinin bir neçə layihələri var. Bildiyimiz kimi bu gün həm də teatrlarda açıq qapı günüdür. Biz 27 Mart-beynəlxalq teatr günündə də “Teatrda bir gün” layihəsini həyata keçirməyi planlaşdırmışıq. Bu layihə sayəsində də teatrlarda Açıq Qapı günü olacaq. Bu zaman təkcə tamaşa izləmə imkanı deyil, eyni zamanda ekskursiya təşkil olunacaq, səhnə arxasında baş verənlərlə tanış olma imkanı əldə edəcəklər. Həmin gün teatr aləmi hər kəsin üzünə açıq olacaq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə