Tanmaşaçılarının sevimlisi (Portret cizgiləri)

10 Mart 1873-cü il- Azərbaycan Peşəkar Teatrının yarandığı gündür

Cavan olmasına baxmayaraq, bu gün Azərbaycan teatr sənətində öz sözünü layiqincə deyən gənc aktrisalardan biri də Zümrüd Vaqif qızı Quliyevadır. Zümrüd xanım 1982-ci il may ayın 3-də Qax rayonunda anadan olub. 1999-cu ildə Qax rayon 3- saylı orta məktəbi bitirib. Lap uşaq yaşlarından teatr sənətinə həvəsi olan və məktəb tamaşalarında maraqlı rollar oynayan Zümrud xanım Quliyeva 2000-ci ildə sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və kino sənəti” fakültəsinə verib və yüksək balla bu ali məktəbə daxil olub. O, dörd il Azərbaycan teatr sənətində öz dəsti-xətti olan, Əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının yaradıcısı, Azərbaycan teatr sənətinin görkəmli rejissorlarından biri olan, mərhum Vaqif İbrahimoğlunun kursunda təhsil alıb.

Hələ ali məktəbin son kursunda oxuduğu vaxt, yəni 2003-cü il may ayının 1-dən teatr sənətində böyük xidmətləri və öz dəsti-xətti olan, Əməkdar incəsənət xadimi, mərhum Hüseyinağa Atakişiyevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Gənclər Teatrında aktrisa kimi əmək faliyyətə başlayıb. O, aktrisa kimi ilk peşəkar addımlarımı məhz bu teatrda atıb. Bu teatrda ilk rolu da Qriqori Qorinin “IV Kin” əsərində baş rol olan Anna Dembi obrazı olub. Zümrüd xanım bu rolu ilə təkcə Hüseynağa Atakişiyevin yox, həm də başqa rejissorların diqqətini cəlb eləyib və ona bir-birinidən maraqlı rollar veriblər. Zümrüd xanım Quliyeva da oynadığı rollarla rejissorların ümidlərini doğruldub. Həm də oynadığı rollarla az bir vaxtda tamaşaçıların sevimli aktrisasına çevrilib. Beləliklə, bu teatrda işlədiyi 2008-ci ilə kimi belə maraqlı rollar oynayıb.

1. Anna Dembi - (“IV Kin”, QriqoriQorin)

2. Cülyetta - ( “Tədbirə qarşı tədbir”, Vilyam Şekspir)

3. Anka - (“Nazirin xanımı”, Batislav Nuşiç)

4. Femida - (“Mürafiə vəkilləri”, Mirzə Fətəli Axundov)

5. Həkim - (“Əbləhlərin toyu”, Rəhman Əlizadə)

6. Ruh, satana, gözəlçə, dəli- ( “Dünyanın axırı”, Rəhman Əlizadə)

7. Yasəmən - ( “Qara qutu”, Firuz Mustafa)

8. Jurnalist - ( “Su pərisi”, Firuz Mustafa)

9. Arlekin - (“İblis”, Hüseyn Cavid)

10. Zərif - ( “Kişi və qadın”, Əli Əmirli)

11. Katibə - ( “Qarışqa yuvası”, Əyyub Qiyas)

12. Ruhanə - ( “Axırı sakitlikdir”, Elçin Hüseynbəyli)

2009-cu il may ayının 1-dən Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı ilə birləşdiriləndən sonra Zümrüd xanım öz yaradıcılığını artıq bu teatrda davam etdirir. Burada işlədiyi artıq 13 il müddətində bir çox rolların ifaçısı olub. Belə istedadlı aktrisaya teatrın bütün rejissorları rollar verir. Rolun böyük və ya kiçik olmasından asılı olmayaraq Zümrüd xanım həmin rolu özünün istedadı və zəhmətsevərliyi ilə obraz səviyyəsinə qaldıra bilib. O, bu teatrla dəfələrlə xarici ölklərdə qastrol səfərlərində də olub, festivallarda uğurla çıxış edib. Zümrüd xanım Quliyeva Qazağıstan Respublikasının Astana şəhərində kecirilən “Səhnədən salam” festivalında diplomla təltif olunub. Kalmıkiya Respublikasında kecirilən festivallarda, qastrol səfərlərində olub və diplomla təltif olunub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Yunanstanda kecirilən teatr festivalında uğurla çıxış edən Zümrüd xanım Yunanıstanda da ümidlərimizi doğruldub. Mükafatla geri qayıdıb. 2016-ci il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatına “Mövsümün ən məhsuldar aktrisası” nominasiyası üzrə məhz Zümrüd xanım Quliyeva layiq görülüb.

Bu gün Azərbaycan Dövlər Gənc Tamaşaçılar Teatrının repertuarında olan demək olar bütün tamaşalarda Zümrüd xanım Quliyeva rollar oynayır və hər dəfə sənhnəyə çıxışı ilə tamaşaçıların alqışları ilə qarşılanır. Onun bu teatrın səhnəsində oynadığı aşağadakı rolları, bir teatr mütəxəsisi və rejissor kimi mənim daha çox xoşuma gəlir. İnanıram ki, gələcəkdə Zümrüd xanım Quliyevanın yaradıcılığına müraciət edəcək teatrşünaslar onun bu rollarını təhlil edəcək və belə istedadlı aktrisanın yaradıcılığına layiqli qiymət verəcəklər. Ona görə də həmin rolları bu portret cizgiləri yazıma əlavə edirəm: Ziba - (“Məkkəyə gedən yol”, Cəlil Məmmədquluzadə), Klerxen, günəş, qu quşu - ( “Şelkunçik”, E.T.A.Hofman), Əks-səda - (“Ələddinin sehrli çırağı” Ərəb xalq nağılı), Bet - (“Oliver Tvistin macəraları” Çarlz Dikkens), Rəqs ifaçısı - (“Əlincə qalası” Dilsuz), Qönçə - ( “Qaraca qız” Süleyman Sani Axundov, Abdulla Şaiq), Bonka - ( “Dörd əkizin nağılı” Panço Pançev), Artemon - (“Buratinonun macəraları” Aleksey Tolstoy), Astrid - (“Balaca və damda yaşayan Karlson” A. Lindqren), Rəmziyyə - ( “Danışan gəlincik” Abdulla Şaiq), B - (“Mən gəldim qızlar”, L. Nuren), Nəvə - (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Diva - (“Məlikməmməd və sehrli almalar”, Azərbaycan Xalq nağılı), III ördək balası, II Qız - (“Çirkin ördək balası”, H. X. Andersen), Dovşan - (“Biri vardı, biri yox” Əjdər Ol), Quzu - (“Dovşanın ad günü” Xanımana Əliyəbli), Nəvə - (“Möcüzəli turp” Rus Xalq nağılı), Artemida - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli), Pippi - (“Uzuncorab Pippi”, A.Lindqren), İncigülü - (“Aycan”, Xanımana Əlibəyli), Həlimə - (“Ünvansız qatar”, Əli Əmirli), Zümrüd quşu - (“Məlikməmməd” Azərbaycan Xalq nağılı), Çipoliçço - (“Çipollino” C.Rodari), Qalya - (“Çeburaşka” Eduard Uspenski), Züleyxa - (“Tənbəl Əhməd”, Azərbaycan xalq nağılı), Oskarın anası, tibb bacısı - (“Tanrıya 14 məktub”, E.E.Şmidt), İfaçı - (“Möcüzəli pillələr”, A.Salmanlı), Əcinnə - (“Pəri Cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Ofeliya - (“Buzovna kəndinin əhvalatları”, Elçin), Ördək balası - (“Çirkin ördək balası”, H.X.Anderson), Şahzadə Alfiya- (“Sindbad”, Ərəb xalq nağılı).

Zümrüd xanım Quliyeva Azərbaycan televiziyalarının çəkdiyi televiziya seriallarında da maraqlı rollar oynayır. Onlardan üçünü - “Həyat varsa” da Zərifə “Qaynana”da Səkinə, “Ata ocağı”nda Nübar rollarını onun daha yaxşı rolları hesab etmək olar.

Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan peşəkar teatrının yaranmasının 149 illiyi ilə əlaqədar keçirdiyi festivalda Zümrüd xanım Quliyeva üç tamaşada rollar oynayıb. Belə ki, Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi, çox istedadlı rejissor və pedaqoq, teatr tariximizdə çoxlu maraqlı tamaşaların rejissoru Bəhram Osmanovun rəhbərlik etdiyi “Genc rejissorlarin yaradiciliq” laborotoriyasinda hazirlanan Valentin Krasnoqorovun “ Teatral komediya” sinda Qrafinya rolunu yaradıb. Bu pyesi dilimizə elə Zumrud xanım Quliyeva tərcümə eləyib. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Müşfiq Əliyevdir. Bu pyesə o, 2019-cu ildə quruluş verib.

Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdindəki “Genc rejissorlarin yaradiciliq” laborotoriyasinda yenə də Müfşiq Əliyevin maraqı quruluş verdiyi Bengt Alforsun “ Illuziyacilar” pyesində Şarlotta rolunu da Zümrüd xanım Quliyeva peşəkar səviyyədə oynayıb. Bu pyesi də dilimizə Zumrud xanım Quliyeva tərcümə edib.

Zümrüd Quliyeva müstəqil teatral- studiyada istedadlı aktrisa və rejissor, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə xanım Məmmədovanın quruluşunda Ülviyyə Heydərovanın monopyesində Pələng rolunu da oynayıb. Zümrüd xanım Quliyeva keçən il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasının “Aktyor sənəti” fakültəsinə qəbul olub. Həmin universitetin magistraturasında təhsil alan tələbələrlə o, Nobel mükafatı laureatı Slovamir Mrojekin “Karnavar” əsərində Lilit obrazını da Teatr Xadimləri İttifaqının səhnəsində festival günlərində oynayıb. Kurs rəhbəri, “Yuğ” Dövlət Teatrının quruluşçu rejissoru Gümrah Ömərdir. Bu tamaşaların da hamısı çox maraqla qarşılanıb. Deməli, burada Zümrüd xanımın da böyük zəhməti var.

Zümrud xanım Quliyeva yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. İnanıram ki, hələ bundan sonra da Azərbaycan teatr tarixininə və kinosuna düşən yeni rollar oynamaqla həmişə tamaşaçıların sevimli aktrisası olacaq. Onu da vurğulayım ki, bugünkü tamaşaçının sevimlsi olmaq elə də asan deyil. Buna görə aktryordan, aktrisadan böyük istedadla yanaşı, həm də böyük zəhmət və müasir tamaşaçının psixalogiyasını yüksək səviyyədə bilmək tələb olunur. Bütün bunlar da Zümrüd xanımda var. Çünki həm yüksək savadlı, müasir dünya incəsənəti ilə həmişə maraqlanan və zəhmətkeş bir aktrisadır. Belə aktrisalarla işləmək rejissorlar üçün də çox xoşdur. Çünki belə sənətkarlar rejissoru yarı sözdən başa düşür və öz rolları üzərində mükəmməl işləyirlər. Vladimr Mayakovski teatr haqqında belə maraqlı bir kəlam deyib: “Teatr - bir güzgü və günəşdir”. Bax, bunu başa düşən, dərk edən, buna doğru bacardıqları kimi gedən rejissorlar və aktyorlar sənət aləmində böyük uğur qazanırlar.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsən xadimi, yazıçı-rejissor

Bütün xəbərlər Facebook səhifəmizdə