Şuşa dünya turizminin gözü olacaq - MÜNASİBƏT BİLDİRİLDİ

“2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı mühüm tarixi əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, dövlətimizin başçısının bu qərarı xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin və eyni zamanda böyük ehtiramının göstəricisidir: “Azərbaycan xalqı üçün Şuşa Qarabağın mirvari qaşıdır. Bu həm də simvolizə edilmiş bir mənanı kəsb edir. “Şuşa ili”nin elan edilməsi Azərbaycan, Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin keçirilməsi üçün də mühüm əhəmiyyətə malik olacaqdır. Şuşanın bu günü, gələcəyi ümumiyyətlə Azərbaycanın, Qarabağın bu günü və gələcəyi deməkdir. Biz 30 il işğal altında olan Şuşamıza qovuşduq. Şuşa mədəni tarixi, milli-mədəni dəyərlərimizi özündə əbədi yaşadan şəhərdir. Şuşa həm də bizim genetik kodumuzdur. Şuşanın mədəni mühiti, onun ədəbiyyatı, musiqi folkloru bütün azərbaycanlıların qanına hopub. Şuşa bizim ruhumuzdur. Buna görə də hesab edirəm ki, bu çox vacib bir məqamdır. Təbii ki, tarixə də nəzər salsaq 1752-ci ildə əsası qoyulmuş Şuşa mühüm iqtisadi, siyasi əhəmiyyət daşıyan bir şəhərdir. Bu yolun təməlini isə məhz Ulu Öndər Heydər Əliyev qoyub. Qarabağ xanlığının mərkəzi olmaqla ölkəmizin də tarixində məxsusi rol oynayıb. Azərbaycan xalqı üçün mənəvi dəyərə malik olan Şuşaya qayğı ilə yanaşmaq hər bir azərbaycanlının mənəvi borcudur. Tarixi proseslərdə Azərbaycanın torpaqlarının işğal olunması prosesi Qarabağ xanlığından da yan keçmədi. Rusiya çarı ilə Qarabağ xanı İbrahim Xəlil xan sənədə imza atarkən İbrahim Xəlil Xan “Şuşanın və Qarabağın xanı İbrahim Xəlil xan” sözlərini qeyd edib.
Şuşa Azərbaycanın bütün dəyərlərini özündə əks etdirən bir şəhər olacaq. Eyni zamanda Şuşa dünya turizminin gözü olacaq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə