Xarıbülbül Qarabağımızın rəmzidir - DEPUTAT ŞƏRH ETDİ

"Torpaqlarımızı erməni işğalından azad etdikdən sonra həmin torpaqlarda sürətlə quruculuq işləri həyata keçirməyə başladıq. İnfrastrukturu tamamilə dəyişdik, xüsusilə də mədəniyyətimizin beşiyi, göz bəbəyimiz olan Şuşanın dirçəldilməsi, işğal altındakı ərazilərdə mədəni, milli-mənəvi abidələrimizin bərpa edilməsi istiqamətində çox böyük addımlar atılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, şəxsən ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin göstərişləri ilə Vaqif məqbərəsinin yenidən qurulması, Ü.Hacıbəylinin abidələrinin, Bülbülün, Natavanın ev muzeyinin bərpa edilməsi yönündə də işlərin görülməsi istiqamətində tədbirlər görülür: “Bütün bunlar bizim bu torpaqlarda həyata keçirdiyimiz mədəni quruculuq işlərimizin bir hissəsidir. Eyni zamanda Şuşada ötən il keçirilən festival böyük səs-sədaya səbəb olmuş, hər kəs tərəfindən rəğbətlə qarşılanmışdı. Bu il də may ayında Xarıbülbül Beynəlxalq Folklor festivalının keçirilməsi nəzərdə tutulub. Hər birimiz bilirik ki, Xarıbülbül Qarabağımızın rəmzidir. Bu rəmzin ətrafında beynəlxalq festivalın keçirilməsi bir daha dünyaya bu torpaqların əzəli Azərbaycan torpaqları olduğunu təstiq edir.

Düşünürəm ki, bu festival çox böyük əhəmiyyət daşıyır. Azərbaycan mədəniyyətinin, musiqi xəzinəsinin məhz Qarabağ, Şuşamızdan bütün dünyaya xitab etməsinə şərait yaradacaq bir festival olacaq. Təbii ki, bu sadəcə mədəniyyət hadisəsi deyil, böyük bir diplomatik qələbədir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə