“Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgi keçirilib - FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılıb. SİA xəbər verir ki, Bakıda doğulub böyüyən, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisidir.
Ekspozisiyada Rami Meirin yaradıcılıq universallığını əks etdirən “Dağ yəhudiləri” silsiləsində işlədiyi otuzdan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunacaq. Burada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında, xüsusi olaraq bu sərgi üçün toxunmuş eyniadlı xalça da yer alacaq. Sərginin mərkəzi eksponatlarından biri olan, ənənəvi texnikada toxunan çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb.
Ekspozisiyanı sənətkarın kolleksiyasından olan köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri – dini əşyalar, zərgərlik məmulatları, silahlar, mis qablar, milli geyim elementləri tamamlayır.
Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir. Bu özünəməxsus mədəniyyətə və cuhuri adlanan dilə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir.
Rami Meir bir neçə il ərzində yaratdığı “Dağ yəhudiləri” silsilə əsərləri üzərində işləyərkən tarixçi-dokumentalist kimi araşdırma aparıb, öz xalqının tarixini zərrə-zərrə bərpa edib. O, həyatın təkcə zahiri tərəfini deyil, həm də bütöv bir etnik qrupun varlığının estetikasını parçaların faktura və ornamentlərində, sinaqoqların memarlığında, yaşayış evləri və sənətkarların dükanlarının bəzədilməsində, insan obrazlarında ən aydın şəkildə çatdırıb. Bundan əlavə, öz mədəniyyətinin dərin qatlarına bələd olan rəssam xalqın mənəvi həyatını, dərin müdrikliyini, fəlsəfəsini əks etdirib.
Qeyd edək ki, sərgidə dağ yəhudilərinin tarixindən bəhs edən sənədli film də nümayiş olunacaq.
Ölkəmizin aparıcı muzeylərindən birinin - Azərbaycan Milli Xalça Muzeyinin 55-ci - yubiley ilinə təsadüf edən “Bir xalqın tarixi – bütün dünya üçün” adlı sərgi aprelin 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə