Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş fərdi sərgi keçirilib - FOTOLAR

Fevral ayının 26-da Milanda azərbaycanlı rəssam Elay Məmmədovun Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş fərdi sərgisi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyələşdirdiyi “Xocalıdan portretlər” adlı sərgi Neapol-Bakı Assosiasiyasının texniki dəstəyi ilə İtaliyanın dünya şöhrətli konseptual rəssamı Piero Manzoninin qalareyasında təqdim olunub. Sərgilənən insan portretləri Xocalı faciəsini görmüş insanların xəyali portretləri kimi çıxış edib.

Sərginin belə bir sənət ocağında təqdim olunmasında məqsəd Milanın incəsənət mühitinə Xocalı faciəsini tanıtmaq və portretlərin dramatikliyi ilə faciənin izlərini ziyarətçilərə göstərmək idi. Sərgi üçün rəsmləri seçən sənət tarixçisi Gabi Sgardi sərginin açılışında iştirak etmiş və üslub haqqında tamaşaçılara ətraflı məlumat vermişdir. Müasir mənzərə janrında tanınmış dünya səviyyəli İtaliya rəssamı Natale Adamiano, tanınmış portret ustası Omar Galliani, məhşur konseptual rəssam Antonio Paradiso da açılış mərasiminə qatılanlar sırasında olublar. Qonaqlara Azərbaycan incəsənəti haqqında da ətraflı məlumatlar verilib. “Xocalıdan portretlər” adlı sərgi martın 6-na qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə