Bu gün Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, jurnalın rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filminin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, xalqımızın qədim tarixini, yaşayış tərzini, mədəniyyətini, incəsənətini, özündə əks etdirən Qobustan mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə daşıyır. Təkcə ölkəmizin deyil, bütün dünyanın mədəni irsi, mədəni sərvəti olan Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun ən vacib fəaliyyət istiqamətlərindən biridir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi- metodiki, populyar jurnalı, jurnalın rəsmi saytı və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir. “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı Qobustan Milli Tarix-Bədii Qoruğunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbu nəşrlərinin reyestrində qeydiyyata alınmış ilk dövri mətbu nəşrdir. Azərbaycan qədim və zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin və yaradıcı şəxslərin bilik və və təcrübəsinin ictimaiyyətlə paylaşılması məqsədi ilə təsis olunan jurnal ildə iki dəfə oxucularının görüşünə gələcək. Jurnalın birinci buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin xatirəsinə ithaf olunub.
Jurnalın ön söz yazarı Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdur. Jurnal Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasından bəhs edən “Mədəniyyətlər qovşağı”, tarix və mədəniyyət abidələrimizdən bəhs edən “Miras”, ölkəmizin 7 müxtəlif profilli muzeyinin hər birindən bir eksponatın daxil olduğu “Yeddi gözəl”, xalqımızın multikultural və tolerant ənənələrinə həsr olunmuş “Multikultural və tolerant Azərbaycan”, tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş “Estafet”, mədəniyyət sahəsində xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edən “Mədəniyyət xeyriyyəçiləri” Azərbaycan tarixinə, mədəniyyət və incəsənətinə töhfələr vermiş elm adamları və ziyalılardan bəhs edən “Ziyalı sözü”, “Mədəniyyət, incəsənət və digər əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislərə həsr olunmuş “Mütəxəssis məsləhəti”, doğma vətənimizdən uzaqda yaşasa da vətən sevgisini öz yaradıcılığında əks etdirən soydaşlarımıza həsr olunmuş “İlham mənbəyim-Vətən”, fiziki məhdudiyyətli yaradıcı şəxslərə həsr olunmuş “Yaradıcılıq əngəl tanımır”, incəsənət sahələrindən bəhs edən “İncə sənətlər”, muzeysevərlərə həsr olunmuş “Muzeymaniya”, mədəniyyət və incəsənət sahələri üzrə araşdırmalara həsr olunan “Köşə yazısı” kimi rubrikalardan ibarətdir. Azərbaycan mədəniyyətinin daha geniş şəkildə təbliği məqsədilə jurnalın ikinci sayından etibarən üç dildə-Azərbaycan, rus və ingilis dillərində nəşr olunması planlaşdırılır.
Oxucular üçün daha əlçatan olması məqsədilə jurnalın rəsmi (gobustandunyasi.az) saytı yaradılıb. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytda jurnalda əksini tapan bölmələrdən başqa “Xəbərlər” bölməsi də yer alır. Saytda oxucuların müraciətini və reaksiyası ilə əlaqəsini asanlaşdırmaq məqsədi ilə elektron müraciət forması yaradılıb. Mobil internet istifadəçilərinin rahatlığı nəzərə alınmaqla saytın daha sadə və yığcam formalı mobil versiyası da hazırlanıb.
Qobustan Milli Tarix-Bədii Qoruğunun təqdim etdiyi Qobustan abidələrinin təbliğinə xidmət edən digər layihə isə qoruğun sifarişi əsasında ərsəyə gələn “Qavaldaş” cizgi filmidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB