Sovet əfsanəsi ilə maraqlı müsahibə: Heydər Əliyev və Müslüm Maqomayevlə...

Fevralın 1-də Sovet əfsanəsi Lev Leşşenko 80 illik yubileyini qeyd edəcək. Ənənəvi olaraq, sənətçi ad gününü böyük konsert proqramı ilə qeyd edir. Yubiley tarixi ərəfəsində Lev Valeryanoviç “Moskva-Baku” portalına müsahibə verib. Konsert çərçivəsində pərəstişkarları üçün nələr hazırladığından danışan müğənni Sovet Azərbaycanına qastrol səfərini, həmçinin Heydər Əliyev və Müslüm Maqomayevlə dostluğunu xatırladıb.

- Crocus City Hallda “Şir bürcü” adlı yubiley konserti keçiriləcək. Tamaşaçıları nə ilə sevindirəcəksiniz?

- Yubiley konserti üçün xüsusi dekorasiyalar hazırlanıb. Təkcə qızıl hitlərimi deyil, yeni mahnıları da ifa edəcəyəm. Yubiley axşamı qonaqlar olmadan keçməyəcək. Çox ümid edirəm ki, Aleksandra Nikolaevna Paxmutova, David Tuxmanov, İqor Krutoy, Aleksandr Rozenbaum gələcək. Şübhəsiz ki, dostlarım olacaq: Jasmin, Alsu, Zara. Uşaqlar: Buynov, Qlızin, Marşal, Mixaylov, Pavliaşvili, Meladze. Sankt-Peterburqdan Saşa Malinin, Lara Dolina, İqor Kornelyuk gələcəklərini gözləyirəm. Daha bir neçə sürpriz olacaq.

- 60 ildir səhnədəsiniz. Siz karyeranız ərzində bir çox şəhərlərə, ölkələrə səyahət etmisiniz və təbii ki, Azərbaycanda olmusunuz. Sizi Sovet dövrünün Bakısı da qəbul edib. Sovet Azərbaycanı ilə bağlı hansı xatirələriniz olduğunu deyə bilərsinizmi?

- Bəli, doğrudan da, müxtəlif vaxtlarda Azərbaycanda çıxış etmişəm. Sovet İttifaqı dövründəki bütün səfərlərim məndə parlaq, hadisələrlə zəngin təəssüratlar yaratdı. O vaxt biz Sovet mahnılarını ifa edirdik və onlar zamanla həmahəng idi, hadisələrlə zəngin idi və xalqımızın həyatını, arzularını, perspektivlərini, qlobal dəyərlərini əks etdirirdi. Bütün bunlar güc strukturları tərəfindən xüsusilə müsbət qarşılandı, çünki sistemə işləyən bir ideologiya var idi. Və deməliyəm ki, o, pis deyildi. Mən o illəri böyük hörmət və dərin rəğbətlə xatırlayıram.

Mən tez-tez Azərbaycanda olurdum, müxtəlif bayramlarda çıxış edirdim, Heydər Əliyevi yaxşı tanıyırdım. Biz kifayət qədər yaxından əlaqə saxlayırdıq. O, elə ehtiraslı, sənəti çox sevən humanist insan idi ki. O, çox şey bilirdi, Puşkinin şeirlərini sevirdi. Daha sonra Heydər Əliyev Bakıda Puşkinin abidəsini açdı. Mən bu abidənin açılışında olmuşam... Bakı ilə bağlı çox gözəl xatirələrim var, ümumiyyətlə, Azərbaycanın mənim ruhumda həmişə xüsusi yeri var.

- Müasir Bakı da qonaqpərvərdirmi? Şəhər, insanlar dəyişibmi?

- Müasir Bakı təbii ki, dəyişib. Bu şəhər gözəldir! İndiki prezident İlham Əliyev respublikanın inkişafı və çiçəklənməsi üçün hər şeyi edir. Azərbaycanın çox gözəl sosial proqramı var. Bu gün isə Azərbaycan keçmiş Sovet məkanı ölkələri sırasında ən çiçəklənən respublikalardan biridir. Azərbaycana və orada yaşayan insanlara böyük hörmətim var.

- Azərbaycan dünyaya çoxlu görkəmli yaradıcı insanlar bəxş edib. Müslüm Maqomayev sizin dostunuz idi...

- Bəli. Azərbaycan çoxlu istedadlı insanların doğulduğu yerdir. Ən görkəmlilərdən biri ilə dost olmaq şərəfinə nail oldum- Müslüm Maqomayevlə. Dostluğumuz sayəsində mən Azərbaycanı tanıdım, bir çox maraqlı insanlarla, respublikanın tanınmış şəxsləri ilə tanış oldum. Azərbaycan ictimaiyyəti qarşısında çıxış etmək imkanı qazandım. Sonradan mənim üçün müasir Bakını və İçərişəhəri açan Araz Ağalarovla dost oldum. Gəldik, Eminlə, Arazla danışdıq. Bakı ilə ən yaxın əlaqələrim olub və indi də var.

- Müasir gənc azərbaycanlı sənətçilərlə duet oxumaqla bu sıx əlaqələri möhkəmləndirmək fikrində idiniz? Üstəlik, yaxşı təcrübəniz var, bu yaxınlarda reper Loc-Dog ilə "Biz yaşayacağıq" mahnısını yazdıraraq əməkdaşlıq təqdim etdiniz.

- Əgər Emini Azərbaycan sənətçisi adlandırmaq olarsa və müəyyən mənada bu mümkündürsə, o zaman fevralın 1-də Crocus City Hallda keçiriləcək yubiley konsertində onunla əməkdaşlıq edəcəyik. Onlar Aleksey Vorobyovla rok-n-roll oxuyacaqlar, mən də orada onlarla birlikdə oxuyacağam (gülür). Konkret azərbaycanlı sənətçidən danışırıqsa, indi Azərbaycanda daha çox gənc ifaçılar var. Bizim nəsildən çox az qalıb. Amma gənclərlə birlikdə oxumağım yəqin ki, düzgün olmayacaq (gülür).

- Heç Bakıda ad gününüzü qeyd etmisiniz?

- Ad günümü Bakıda keçirə bilmədim. Bu bayramı həmişə Moskvada qeyd etmək ənənəm var. Amma onu deyə bilərəm ki, Bakıda bir çox əlamətdar tədbirlərdə olmuşam, orada çoxlu tanışlar var idi. Sonra hamımız böyüdük və daha az ünsiyyət qurmağa başladıq.

- Pərəstişkarlarınızın “Şir bürcü” adlı yubiley konsertinizi Bakı səhnəsində görmək imkanı olacaqmı?

- Tamamilə mümkündür ki, Bakıda konsert vermək mümkün olsun. Sadəcə, anlamaq lazımdır ki, oraya çoxlu sayda dostlarımı, sənətçilərimi, 27 nəfəri necə gətirim. Bunu həyata keçirmək çox çətin olacaq. Amma bu konsertdən bir fraqment ola bilər ki, Bakıda baş tutsun. Təklif yaxşıdır, bu barədə düşünəcəyik.

- Yubiley ilində nəyə nail olmaq istərdiniz?

- İndi hamımız sağlamlıqla maraqlanırıq və yaş artıq özünü hiss etdirir, baxmayaraq ki, ürəyimdə 45 yaşım var, sağlam qalmaq və irəli getmək istəyirəm. Gələcək yaradıcılıq və yaradıcılıqdır, ona görə də yaradıcılığımı tərk etmək istəmirəm. Mən lap yaxında vinil klassik plastinka buraxdırdım, köhnə opera yazılarımı və romanslarımı birləşdirdim. 40-a yaxın mahnının olduğu 4 albom yazıldı. Bu iş, iki il yarım pandemiya müddətinə aiddir. İstəyirəm ki, irəliləməyə davam edim. Reper Loc-Dog ilə mahnıda necə oxuyuram – Biz yaşayacağıq, yaşayacağıq!

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə