Fəxri ad almış bir qrup memara orden və medallar təqdim olunub

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb. Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, bu münasibətlə Azərbaycan Memarlar İttifaqının binasında təltifetmə mərasimi keçirilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər rəsmi qonaqlar iştirak ediblər.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

O, bildirib ki, 2021-ci il dekabrın 17-də imzalanmış müvafiq Sərəncam memarlarımızın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb.

Nazir memarlara vəsiqələri və təltifləri təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə