Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı olub

Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrin təqdimatı keçirilib. SİA xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə nazirlik daxilində aparılan islahatla bağlı məlumat verib.

Bildirib ki, nazirlik layihələrin qəbul olunmasında və icrasında yeni yanaşmalar tətbiq etməyə başlayıb: “Bu gündən etibarən Mədəniyyət Nazirliyinin daxilində aparılan islahatların yeni mərhələsi başlayır. Layihə yönümlü islahatın məqsədi idarəçiliyin təkmilləşdirilməsinə yönəlib. İstəyirik nazirliyin strategiyası çox effektiv bir alət kimi Azərbaycan cəmiyyətində dəyər carçısına çevrilsin. İstəyirik nazirliyin tabeçiliyində olan qurumlar Azərbaycanın tarixindən, ədəbi irsindən gələn dəyərləri yaşatdırsın və gələcək nəsillə ötürsün”.

Bütün sənədlərin artıq hazırlandığını deyən Elnur Əliyev bildirib ki, layihə yanaşması bu metodu ortaya qoymaq, onun əsasında gələcək planları qurmaq deməkdir: “Nazirlik bütün fəaliyyətini layihə idarəçiliyi vasitəsilə həyata keçirəcək. Bunun üstünlüyü odur ki, layihə artıq təsbit olunmuş elmi yanaşmadır, bütün dünyada ən çox istifadə olunan bir metodologiyadır. Hər bir layihənin konkret məqsədi var, müəyyən resurs məhdudiyyətləri çərçivəsində həyata keçirilir və məqsədə çatmaq üçün ən səmərəli yollar seçilir”.

Qeyd edib ki, bu sistemin nazirlik daxilində bir sıra üstünlükləri var. Birinci odur ki, bu metod nazirlik çərçivəsində koordinasiyanı, şöbələrin bir-biri ilə əlaqəsini institusional səviyyədə gücləndirir. Digər tərəfdən layihə yanaşması kadr potensialını inkişaf etdirmək üçün ən yaxşı vasitədir. Belə ki, əməkdaşlar layihə alətləri ilə işləyir, bir layihə meneceri olaraq təkmilləşirlər.

Sonra tədbir qapalı şəkildə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə