Strategiya üzrə bir sıra sənədlər hazırlanır - NAZİR

"2030-cu ilədək dövr üçün Azərbaycan Respublikasının mədəniyyət strategiyası hazırlanır". SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, strategiyada 5 istiqamət müəyyənləşdirilib. "Bunlar Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, insan və cəmiyyətin inkişafı, mədəni və yaradıcı sənayelərin dəstəklənməsi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi, Azərbaycan mədəniyyətinin Qarabağa və Qarabağın mədəniyyətə qayıdışıdır", - nazir qeyd edib.

A.Kərimov bildirib ki, strategiya üzrə bir sıra sənədlər hazırlanır: "Bunlara 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası, 2022-2025-ci illər üzrə İnsan Kapitalı Strategiyası və Siyasəti, Mədəniyyət və yaradıcı sənayelərin inkişafına dair strategiya, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional mərkəzinin yaradılması ilə bağlı sənədlər daxildir. Artıq bu mərkəzlər Gəncə, Qəbələ, Bakı, Şabran və Salyanda yaradılıb" - nazir əlavə edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə