Musa Urudun kitablarının imza günü keçirilib

Bu gün “Azərkitab” kitab evində Milli Məclisin deputatı, şair Musa Urudun “Zəngəzur”, Zəngəzur toponimləri”, və “Alma ağacı” kitablarının təqdimat və imza günü keçirilib. SİA məlumat verir ki, Xalq şairi Nəriman Həsənzadə, şair, professor Elçin İsgəndərzadə, tənqidçi Əsəd Cahangir çıxış etdilər.

Nəriman Həsənzadə çıxışında Musa Quliyevin istedadından və onun yazdığı şeirlərin özünəməxsusluğundan danışıb. Onun mütləq mətbuatda iştirak etməsini tövsiyə edib.

Daha sonra şair, əməkdar müəllim, professor Elçin İsgəndərzadə çıxış edib. O, Musa Quliyevin yaradıcılığını yüksək qiymətləndirib. Hazırkı kitabın nəşrinin onun həyatı üçün Şuşanın alınmasından sonra ikinci ən sevincli günü olduğunu qeyd edib. 36 illik tanışlıqdan bəhs edərək Elçin İsgəndərzadə Musa Quliyevin ən şərəfli qardaş, əmi xüsusiyyətlərini özündə yaşatdığını deyib. Eyni zamanda Elçin İsgəndərzadə Musa Quliyevin 10 dekabrda təltif olunduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Nazim Hikmət Beynəlxalq ədəbiyyat Ordenini ona çatdırdı.

Tənqidçi Əsəd Cahangir çıxışında Musa Quliyevin şeirləri ilə Füzuli, Nizami yaradıcılığının əlaqələrini gördüyünü qeyd edib. Həmçinin müəllifin bayatılarının xalq yaradıcılığı ilə vəhdətindən bəhs edib. Eyni zamanda ilk nəzirəni Müəllifin şeirinə yazdığını deyib. Bundan sonra millət vəkili Fazil Mustafa, Arzu Nağıyev müəllifin yaradıcılığı ilə bağlı fikirlərini bildirib.

Yekunda müəllif Musa Urud hər bir iştirakçıya öz təşəkkürlərini bildirib. Daha sonra imza mərasiminə keçilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə