Mədəniyyət sahəsində görülən işlərdə Prezident İlham Əliyev rolu danılmazdır - ŞƏRH EDİLDİ

“Cənab Prezident 2003-cü ildə Azərbaycan xalqının böyük bir səs çoxluğu ilə prezident seçildikdən sonra ölkəmizdə bütün sahələrdə baş verən inkişaf, inqilabi dəyişikliklər əlbəttə ki, mədəniyyətimizdən də yan keçmədi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.


Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dirçəldilməsi, inkişafı və dünyada tanıdılmasının kökünü əgər Ulu Öndər Heydər Əliyev qoymuşdusa, qloballaşaraq bütün dünyada öz layiqli yerini tutmasında isə ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondu və onun rəhbəri xanım Mehriban Əliyevanın rolu, xidmətləri əvəzsizdir: “Məhz cənab Prezidentin Azərbaycan mədəniyyətinə böyük diqqəti, qayğısı sayəsində Azərbaycan mədəniyyəti və incəsənəti daha da inkişaf edərək dünyanın ən əhəmiyyətli incilərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan mədəniyyəti bütün dünyada təbliğ olunur. Əgər Azərbaycan mədəniyyətindən danışırıqsa, bu zaman mədəniyyətimizin ayrılmaz bir parçası olan muğamdan yan keçə bilmərik. Muğamın dünyada tanıdılması və məhz Azərbaycanın milli-mənəvi dəyəri olması ilə bağlı aparılan işlər, fəaliyyətlər əlbəttə ki, birbaşa cənab Prezident İlham Əliyevin səyi nəticəsindədir. Muğam sənətinin tanıdılması ilə bərabər xalça sənətinin tanıdılması, qədim musiqi alətlərimizin tanıdılması da mühüm məsələlərdən biridir. Bunların Unesconun maddi-mənəvi irsinə daxil edilməsi də mədəniyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın məhşur rəssamlarının, heykəltaraşlarının əl işlərinin böyük sərgi salonlarında nümayiş etdirilməsi, daha sonra dünyanın bir çox yerlərində Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması da gündən-günə artan inkişafla əlaqədardır. Bundan əlavə dünya mədəniyyətinin Azərbaycanda sərgilənməsi də mühümdür. Hər il həyata keçirilən beynəlxalq festivallar, musiqi festivalları özlüyündə Azərbaycanla dünya mədəniyyəti arasında bir körpü rolunu oynayır”.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, biz xüsusilə gözəl Şuşamız işğaldan azad edildikdən sonra Qarabağda gedən böyük quruculuq işləri ilə bərabər mədəniyyətin də göz önündə saxlanıldığını görmüş olduq: “Buna nümunə olaraq, Şuşada keçirilən beynəlxalq musiqi festivalı, Vaqif poeziya günləri də mədəniyyətə olan diqqətin bariz nümunəsidir. Bütün bunların arxasında Prezidentimizin dəmir iradəsi, eyni zamanda Azərbaycanın diplomatiyası dayanır. Bilirsiz ki, mədəniyyət siyasətdən ayrı deyil. Bizim həyata keçirdiyimiz tədbirlərin hər birinin arxasında azad, müstəqil, suverən Azərbaycan dayanır. Əlbəttə ki, mədəniyyətimizin bu ad, imzayla dünyaya tanıda bilməyimizi ölkə rəhbərinə və onun yorulmaz fəaliyyətinə borcluyuq. Mədəniyyətimizlə yanaşı mədəniyyət xadimizlərimi də heç zaman diqqətdən kənarda saxlamırıq. Onlara hər zaman maddi-mənəvi dəstək göstərilir. Bizim teatrlarımızın, mədəniyyət ocaqlarımızın 2003-cü ildən bu günə qədər keçdiyi inkişaf yolu da göz önündədir. Xüsusilə də kino sənətimiz daha da inkişaf edib. Bütün bu görülmüş işlərdə cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rolu danılmazdır”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə