Müsabiqə qalibləri mükafatlandırılıb FOTOLAR

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "Nizami Gəncəvi İli" münasibətilə "Sənsiz" adlı bədii qiraət müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Tədbiri ittifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq müsabiqə ilə bağlı ətraflı məlumat verib, onun əhəmiyyətindən danışıb. Sonra iştirakçıların çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar mükafatlandırılıb.

Qərara əsasən birinci yerin qalibi müəyyənləşməyib. II yerin qalibləri Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov, III yerin qalibləri Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyeva olub.

Bundan başqa, "Münsiflər heyətinin xüsusi diplomu ilə" və "Müsabiqədə iştiraka görə" təltif olunanlar da olub.

Tədbirdə, eyni zamanda, Nizami Gəncəviyə həsr olunan videoçarx nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak edən teatr xadimlərinə təşəkkürünü bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini yüksək qiymətləndirib. Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif yaddaqalan tədbirlər keçirəcək, ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığının təbliğinə, milli mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, münsiflər heyətində Teatr Xadimləri İttifaqının "Dramaturgiya" laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, "Gənc rejissorların yaradıcılıq laboratoriyası"nın rəhbəri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, "Aktyorluq laboratoriyası"nın rəhbəri Məhəmməd Verdiyev, ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə