Fizika İnstitutunun tarixini əks etdirən sərgi təşkil olunub

AMEA-nın Fizika İnstitutunda onun tarixini əks etdirən daimi nümayiş olunacaq sərgi təşkil edilib.

SİA-nın AMEA-ya istinadən verdiyi məlumata görə, bu münasibətlə təşkil edilən onlayn tədbirdə müəssisənin baş direktoru, akademik Arif Həşimov Fizika İnstitutunun tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, sərgidə institutun ilk yarandığı gündən bu günə kimi keçdiyi inkişaf yolunu əks etdirən eksponatlar nümayiş olunur.

Həmçinin sərgidə Fizika İnstitutunun alimləri tərəfindən işlənib hazırlanmış cihaz və qurğular, elmi müəssisənin təltif olunduğu Qırmızı Əmək Bayrağı ordeni, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində aldığı 12 qızıl və gümüş medallar və s. tarixi nailiyyətləri əks etdirən eksponantlar nümayiş etdirilir. Burada Fizika İnstitutunda müxtəlif ölkələrdən qonaq olan dünya şöhrətli alimlərin ürək sözlərini yazdıqları xatirə kitabları ilə də tanışlıq mümkündür. Sərginin daim yeniləcək hissəsində müəssisə əməkdaşlarının sıx əlaqədə olduqları Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun bu il qeyd ediləcək 65 illiyinə həsr olunan maraqlı stend də var. Sərgini, həmçinin müəssisənin yaranmasının əsasını qoyan alimlərin, elmi məktəb yaradan akademiklərin və Fizika İnstitutu ilə sıx bağlı olmuş dünya şöhrətli alimlərin portretləri bəzəyir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə