Qəmər xanım Quliyeva – 75: mənalı ömrün mədəniyyət səhifəsi

Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət xadimi Qəmər Quliyevanın yubileyi – 75 yaşı tamam olur

Aprelin 11-də Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm rol oynayan qocaman sənət ocağı - Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət xadimi Qəmər Quliyevanın yubileyi – 75 yaşı tamam olur. Daim mədəniyyətimizin keşiyində dayanan Qəmər xanım həm ziyalı, həm professional musiqiçi, həm də ictimai xadim olaraq ölkəmizə peşəkar musiqiçilərin bəxş edilməsində yorulmadan, əzmlə çalışmışdır.

Uşaqları təhsilə cəlb etmək, onlarda mənəvi estetik fikrin formalaşması, kamil bir insan kimi cəmiyyətə atılmasında dahi Üzeyir bəyin açdığı musiqi məktəblərinin çox böyük rolu olmuşdur. Dahi bəstəkarımızın qoyduğu bu ənənələri məktəbin ilk direktoru olmuş Fatma Seyidova, daha sonra Zivər İbrahimova qoruyub-saxlamışlar. 1986-ci ildən məktəbə rəhbərlik edən Qəmər xanım bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlir.

O, bu gün də şərəfli vəzifəsini uğurla həyata keçirməkdədir. Çünki belə bir mədəniyyət ocağına rəhbərlik etmək həm də bir məsuliyyət hissi daşıyır. Belə ki, unudulmaz Rəşid Behbudovun adını daşıyan bu mədəniyyət ocağında tarixi reallıqlar, qürur doğuran gerçəkliklər yaşanıb və yaşadılmaqdadır.

Bu məktəbdə təşkil olunan yubiley və konsertlərdə korifey bəstəkarlar, görkəmli ziyalılar, ictimai elm xadimləri iştirak etmişlər.

Hələ üç il əvvəl, 2018-ci ilin dekabrında məktəbin əsaslı təmirindən sonrakı açılışı, eləcə də 80 illik yubileyi qeyd olunarkən çıxış edən Qəmər Quliyeva bildirmişdi ki, əsasən 1940-cı ildən öz işini təkmilləşdirməyə başlayan məktəbdə müxtəlif şöbələr yaradılmış, musiqi təhsilinə çox sayda uşaq cəlb edilmişdir. Musiqi məktəbinə 1990-cı il fevralın 9-da dünya şöhrətli müğənni Rəşid Behbudovun adı verilmişdir.

Eyni zamanda, ötən illər ərzində 2 nömrəli musiqi məktəbi bir çox görkəmli musiqiçilər yetişdirmişdir. Xalq artistləri – pianoçu Zöhrab Adıgözəlzadə, bəstəkar Musa Mirzəyev, kamança ifaçısı Şəfiqə Eyvazova, Xalq artisti, vokalçı Fidan Qasımova, bəstəkar, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və başqaları ilk musiqi təhsillərini burada almışlar.

Qeyd etmək yerinə düşərdi ki, məktəbin məzunları arasında musiqini əsas ixtisas kimi seçməyən, başqa sahələrdə çalışan tanınmış insanlar, ictimai-siyasi xadimlər də vardır. Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı, rejissor Ramiz Fətəliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyaının müxbir üzvü, professor Sevda Məmmədəliyeva, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Cəmilə Səttarova, Milli Məclisin deputatı, dosent Sevinc Fətəliyeva və başqaları bu qocaman tədris ocağında təhsil almışlar.

Qəmər Quliyeva: “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, xanım Mehriban Əliyeva hər zaman ölkədə bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinin inkişafına böyük diqqət göstərirlər”

Bu gün davam edən dəyişilməz ənənə nəticəsində müxtəlif ixtisaslar üzrə yeni-yeni şagirdlər Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin qapısından daxil olaraq, musiqi elminin dərin sirlərini öyrənir, gələcəkdə həm də şəxsiyyət kimi formalaşmalarının bəhrəsini məhz bu mədəniyyət ocağından, eləcə də orada təhsil verən müəllimlər heyətindən alırlar. Hətta belə də deyə bilərik: bu mötəbər məktəbdə dərs keçən müəllimlər heyəti seçilmişlər sırasında dayanırlar. Əbəs deyil ki, məktəbin adı və nüfuzu daim birincilər sırasında yer almaqdadır. Məktəbin məzunları öz professionallıqları, insani keyfiyyətləri və ictimai mövqeləri ilə respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayırlar.

Məktəbin şagirdləri, məzunları respublikamızda və xaricdə keçirilən müsabiqələrdə, mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Bu arada, onu da qeyd etmək yerinə düşərdi ki, dünyada davam edən koronavirus pandemiyası ilə bağlı məktəbdə təhsil onlayn qaydada davam etdirilir və buna baxmayaraq, bir sıra onlayn beynəlxalq müsabiqələrdə iştirak edən şagirdlər yüksək nəticələr göstərməklə bir daha bu təhsil müəssisəsinin fəaliyyətinin nə qədər uğurlu olduğunu, qazandıqları diplomları, mükafatları ilə sübuta yetirirlər.

Qəmər xanım Quliyeva onu da vurğulayıb ki, bu gün Azərbaycanda digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahəsinə göstərilən dövlət qayğısı görülən işlərə vüsət verir. “Ölkəmizdə mədəniyyət, incəsənət sahəsində hər zaman dövlət başçımızın qayğısını hiss etmişik. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, xanım Mehriban Əliyeva hər zaman ölkədə bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinin inkişafına böyük diqqət göstərirlər. Bu məktəbin yenidən fəaliyyətə başlaması da, məhz bu diqqət və qayğının nəticəsidir”, - deyə Qəmər xanım bildirib.

Biz də fürsətdən istifadə edərək, Qəmər xanım Quliyevanı ad günü münasibəti ilə təbrik edir, pedaqoji fəaliyyətində və mədəniyyət sahəsində göstərdiyi xidmətlərində uğurlar, möhkəm cansağlığı arzu edirik.

Dahi Rəşid Behbudovun adını daşıyan bu musiqi ocağı daima yaşasın və çiçəklənsin!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...