Milli Arxiv İdarəsində geniş kollegiya iclası keçirilib

Aprelin 9-da Milli Arxiv İdarəsində (MAİ) “Respublika dövlət arxiv xidməti təşkilatları tərəfindən 2020-ci ildə icra edilmiş işlər və 2021-ci ildə qarşıda duran vəzifələr”ə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, videokonfrans formatında baş tutan kollegiya iclasında MAİ Kollegiyasının üzvləri, İdarə aparatının şöbə müdirləri, Respublika Dövlət Arxivlərinin və Dövlət Arxivi filiallarının rəhbərləri iştirak ediblər.

İclası giriş nitqi ilə açan kollegiyanın sədri, idarənin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası, ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi şəraitində arxiv təşkilatlarının fəaliyyəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən əldə edilən qələbə və Zəfər Günü ilə bağlı İdarə və Dövlət Arxivləri tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, dövlət arxivlərində mühafizə edilən sənədlərin göstərilən istiqamətdə geniş istifadə edilməsini vurğulayıb.
İdarənin rəis müavini Həsən Həsənov məruzə ilə çıxış edərək hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması sahəsində əldə olunmuş uğurlar, mövcud çətinliklər haqqında məlumat verib.

Sonra idarənin şöbə müdirləri, respublika dövlət arxivlərinin və dövlət arxivi filiallarının direktorları məruzə ətrafında çıxış edərək sahələr üzrə arxiv işinin 2020-ci il ərzində görülmüş işlər və 2021-ci ildə planlaşdılan tədbirlərə, mövcud problemlərə və onların həlli yollarına dair fikir bildiriblər.

Kollegiya iclasında Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini, müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən kənd, rayon və şəhərlərimizin yenidən qurulması işlərinin geniş vüsət almasını, həmçinin “Zəfər Muzeyi”nin təşkil edilməsini nəzərə alaraq aidiyyəti dövlət qurumları ilə əlaqələrin koordinasiya edilməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, soyqırımı və deportasiyaları mövzusunda dövlət arxivlərində mühafizə olunan sənədlər əsasında elektron informasiya sisteminin yaradılması istiqamətində görülən işlər qeyd edilib.
Yekunda çıxış edən Ə.Rəsulov bir daha hesabat ilinə təsadüf edən Azərbaycan Respublikasında arxiv quruculuğunun 100 illiyi münasibətilə ölkə arxivçilərinə təbriklərini, Vətən şüharibəsində şəhid olmuş igid oğullarımıza Ulu Tanrıdan rəhmət, qazilərimizə şəfa diləklərini çatdırıb.
Sonda kollegiya iclasının yekun qərarı qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə