Bakıda insanın ilk dəfə kosmosa uçuşunun 60-cı ildönümü qeyd olunub

1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarin, “Baykonur” kosmodromundan start götürərək, “Vostok-1” kosmik gəmisində kosmosa ilk uçuşu həyata keçirib. Yerətrafı kosmik məkanda uçuş 108 dəqiqə davam edib. O vaxtdan bəri Rusiyada aprelin 12-si Kosmonavtika Günü, dünyada isə İnsanın Kosmosa Uçuşu Beynəlxalq Günü kimi qeyd olunur.

Yuri Qaqarin dünyanın bir çox ölkəsinin fəxri vətəndaşıdır. “Vostok” eniş etdikdən sonra Qaqarin dərhal bir anda SSRİ-nin ən məşhur insanı oldu.

Kosmosun öyrənilməsinə mühüm töhfə verən və ilk uçuşun həyata keçirilməsində mühüm rol oynayan həmyerlimiz, sovet alim-mühəndisi, artilleriya general-leytenantı, idarəolunan kosmik gəmilərin uçuş sınaqları üzrə Dövlət Komissiyasının sədri (1966-1991) Kərim Kərimov olub. Onun bütün həyatı kosmosla bağlı idi.

SİA-nın məlumatına görə, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) bu əlamətdar tarixə həsr olunmuş “İlk ...!” fotosərgisinin açılış mərasimi keçirilib. Materiallar Moskva Kosmonavtika Muzeyi və Roskosmos tərəfindən təqdim olunub və Yuri Qaqarin və Kərim Kərimovun tərcümeyi-halından maraqlı faktları əhatə edir.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin - RIMM rəhbəri İrek Zinnurov və Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin salamlama nitqi ilə iştirakçılara müraciət ediblər.

Yazıçı, tədqiqatçı, tarixçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgi Zapletin ilk kosmonavtın həyat və yaradıcılığından danışıb.

Rusiya Federasiyası Qəhrəmanı, pilot-kosmonavt Aleksandr Samokutyayevlə onlayn görüş tədbirin maraqlı hissəsi olub. O, açıq kosmosa çıxışı zamanı hisslərini və təəssüratlarını bölüşüb, peşəsində üzləşdiyi çətinliklərdən danışıb, ona verilən sualları cavablandırıb.

Tədbiri siyasi müşahidəçi, müəllif proqramının teleaparıcısı, Azərbaycanın Rus İcması sədrinin müavini Anastasiya Lavrina idarə edib.

Tədbirə, həmçinin “Rossotrudniçestvo”nun Ankara və Parisdəki nümayəndəlikləri, habelə Azərbaycanın Rus İcmasının, “RAMMAA” Azərbaycan Rusiya (Sovet) ali məktəblərinin məzunlarının Assosiasiyasının, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının, “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzinin, Türkiyədəki Rus Soydaşları Təşkilatlarının Koordinasiya Şurasının nümayəndələri, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri qoşulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə