Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi”nin proqramı çərçivəsində opera-simfonik dirijorluğu üzrə Respublikanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin ustad dərsləri keçiriləcək.
SİA-nın məlumatına görə, layihənin məqsədi 16-22 yaş arasında gənc musiqiçilər arasında dirijorluq sənətinin tədrisi və bu sənətə marağı artırmaqdır. Dirijorluqla bərabər “Prodüser mərkəzi” caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürəcək.
Müsabiqədə iştirak etmək istəyənlər (050) 493-55-11 (WhatsApp , Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə videomaterialı aprelin 20-dək təqdim etməlidir.
Qeyd edək ki, dirijor Əyyub Quliyev 2009-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2015-ci ildən Akademiyanın dosenti seçilən dirijorun tələbələri indi Vyana Dövlət Konservatoriyası və Moskva Dövlət Konservatoriyası kimi ali musiqi təhsil ocaqlarında uğurla təhsilini davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB