Azərbaycanlı müğənniyə həsr olunan film Rusiyada təqdim olunacaq

Azərbaycanlı müğənniyə həsr olunan film Rusiyada təqdim olunacaq

Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin həyatına həsr olunmuş 8 hissəli musiqilili film çəkilib. SİA-nın məlumatına görə filmin premyerası martın 9-da Rusiyanın 1-ci kanalında yayımlanacaq.

"Maqomayev" filmi Sovet İttifaqında şöhrətə ucalan azərbaycanlı müğənninin opera ulduzu Tamara Sinyavskaya ilə sevgi hekayəsindən bəhs edir.

Musiqili filmin prodüsseri Danila Şarapov bildirib ki, bu, çox mürəkkəb və çox vacib layihədir. Əsər üzərində altı il işləmişik və ssenari dörd il ərzində Müslüm Maqomayevin dul arvadı Tamara Sinyavskaya ilə birlikdə yazılıb. Maqomayev Rusiya, eləcə də bütün post sovet məkanı üçün həddən artıq görkəmli şəxsdir, bunu nəzərə almağa, eyni zamanda layihəni müasir formada həyata keçirməyə çalışdıq.

Filmdə Müslüm Maqomayevin rolunu Tamara Sinyavskayanın razılığı ilə serbiyalı aktyor Miloş Bikoviç oynayıb. Bikoviç, layihə üzərində işə başlamazdan əvvəl Maqomayev haqqında əhatəli bilgi əldə edib.

Filmin rejissoru Dmitri Tyurinin sözlərinə görə isə, ekran əsərində Maqomayevin mahnıları səsləndirilib və xoreoqrafik nömrələrə də yer ayrılıb.

Süjet xətti Müslüm Maqomayev və Tamara Sinyavskayanın sevgi hekayəsindən bəhs edən filmin baş rollarında çəkilənlər Miloş Bikoviç (Müslüm Maqomayev), İrina Antonenko (Tamara Sinyavskaya), ssenari müəllifləri isə Nina Şulika və Darya Vorotntsevadır.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə