Xalq Şairi Nəriman Həsənzadənin “Seçilmiş əsərləri”nin 4 cildinin təqdimatı olacaq
Martın 29-da M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində şairin 7 cilddə nəşri nəzərdə tutulan "Seçilmiş əsərləri"nin yeni çapdan çıxmış 4 cildinin təqdimatı keçiriləcəkdir.
SİA-nın xəbərinə görə, "CBS" nəşriyyatında nəfis şəkildə buraxılan kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər və nəsr əsərləri toplanıb.
Təqdimat mərasimində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, ədəbiyyatsevərlər və mətbuat nümayəndələri iştirak edəcəklər.
Xalq Şairi Nəriman Həsənzadə ədəbiyyata ötən əsrin 50-ci illərində gəlmiş, 30-dan artıq kitabı nəşr edilmişdir. O, "Zümrüd quşu", "Nəriman", "Kimin sualı var", "Nuru Paşa" kimi poemalarla yanaşı, dramaturgiya sahəsində də qələmini sınamışdır. Ədibin "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü" və s. mənzum pyesləri ölkəmizin aparıcı teatrlarında tamaşaya qoyulub.
N.Həsənzadə uzun illər "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, mətbuat və informasiya nazirinin müavini vəzifələrində işləmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, ali təhsil ocaqlarında dərs demişdir. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.
N.Həsənzadənin yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, o, Xalq Şairi, Əməkdar İncəsənət Xadimi fəxri adlarına, "Şöhrət" ordeninə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB