“Evlənmə” ilk dəfə Musiqili Komediya Teatrının səhnəsində

“Evlənmə” ilk dəfə Musiqili Komediya Teatrının səhnəsində

Azərbaycan Musiqili Komediya Teatrı dünya şöhrətli dramaturq Nikolay Qoqolun "Evlənmə" komediyasını ilk dəfə səhnəyə qoyacaq. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova, Şükufə Yusupova bu dəfə teatrın yeni tamaşasında 100 illik səhnə ocağının aktyorları ilə birlikdə çıxış edəcəklər. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi N.V.Qoqolun "Evlənmə" əsərində Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna surəti Şükufə Yusupovaya həvalə olunub.

"Evlənmə" sevimli aktrisaların Musiqili Komediya Teatrında debut tamaşasıdır. "Evlənmə" komediyasında Podkalyosin roluna isə Gənc Tamaşaçılar teatrının aktyoru Qurban İsmayılov dəvət olunub. Bu əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilir. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, dirijor Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeyster Vaqif Məstanov, baletmeysterlər Zakir Ağayev və Yelena Ağayevadır.

Sevimli gülüş ustaları - xalq artisti Arif Quliyev, əməkdar artistdər Elçin Həmidov, Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Çingiz Əhmədov, Ülviyyə Novruzova, Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev, Elxan İsmayılov, Məhərrəm Qurbanov, Vüqar Hacıyev də "Evlənmə"də sənət dostları ilə eyni səhnəni bölüşəcəklər.

Janrına görə qeyri-adi məzəli hadisə kimi səciyyələnən tamaşanın premyeraları fevral ayının 23-də və 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə