Azərbaycan Avropa Şurasının MMİM Forumunda təmsil olunur FOTOLAR

Azərbaycan Avropa Şurasının MMİM Forumunda təmsil olunur FOTOLAR

Almaniyanın Görlitz şəhərində keçirilən Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir. SİA-nın məlumatına görə, tədbirin açılışında Görlitz şəhərinin meri Slegfried Deinege çıxış edərək mədəni marşrutların inkişafı nəticəsində mədəniyyət mübadiləsi, xalqlar arasında dialoqun genişləndirilməsi prosesinin daha da sürətləndiyini qeyd edib və bu ilki Forumun məhz rəhbərlik etdiyi şəhərdə keçirildiyi üçün məmnunluğunu ifadə edib. Daha sonra bildirib ki, Görlitz şəhərinin yalnız Avropa Şurası çərçivəsində deyil, digər beynəlxalq təşkilatların layihələri əsasında fəaliyyət göstərən mədəni marşrutlarda təmsil olunması həm şəhərin tanıdılması, həm də əcnəbi qonaqların mütəmadi səfərlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə çıxış edən Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel Aslanova adıçəkilən forumda ölkəmizin ilk dəfə təmsil olunduğunu nəzərə alaraq, ilk növbədə tədbir iştirakçılarına son illər beynəlxalq mədəni marşrutlar çərçivəsində Azərbaycan tərəfinin gördüyü işlər barədə ətraflı məlumat verib. Çıxış zamanı, Mədəniyyət Nazirliyi olaraq, ənənəvi marşrutlarla yanaşı Avropa Şurasının “Zeytun Yolları” kimi yeni inkişaf edən layihələrdə də iştirakın vacibliyi vurğulanıb.

Məlumat üçün bildirək ki, 2018-ci ilin Beynəlxalq Məşvərət Forumunda əsas müzakirələr “Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət” adı altında aparılır.

Xatırladırıq ki, Forumun ikinci günündə nümayəndəmiz tərəfindən Azərbaycanın Avropa Şurası çərçivəsində növbəti mədəni marşruta daxil edilməsi və layihənin işlənib hazırlanması ilə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə