Azərbaycanın turizm sahəsində rəqabət imkanları artır

Azərbaycanın turizm sahəsində rəqabət imkanları artır

Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin davamlı olaraq həyata keçirilir.

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar və müxtəlif görüşlərdir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində uğurlar sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik:"Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, "Formula-1" yarışı, onun auditoriyası 500 milyon insandır... Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir".

Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişlər bu gün ölkəmizi dünyada turizm ölkəsi kimi də tanıda bilib.

Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gəlmə turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vasitələrinin, turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sıra digər göstəricilərdə artım müşahidə edilmişdir. Təkcə bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi əsas göstəricidir. Qeyd edək ki, əgər 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə və Avropadan idisə, bu gün onun coğrafiyası genişlənib. Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İraq, Küveyt və digər ölkələrin vətəndaşları ölkəyə gəlib.

ÖLKƏMİZİN SAĞLAMLIQ TURİZM İMKANLARI DÜNYADA TANIDILIR

Azərbaycanı dünyada turizm üçün səciyyəvi edən xüsusiyyətlərdən biri də sağlamlıq-müalicə turizminin olmasıdır. Ölkəmizdə bu sahənin bütün istiqamətlərinin inkişafı üçün lazım olan təbii şərait mövcuddur. Belə ki, ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından, hər şey var. Azərbaycanın sağlamlıq turizmi imkanlarını tanıtmaqla, ölkəyə çox güclü turist axınına nail olmaq olar. Sağlamlıq turizmi Azərbaycanın brendi kimi təqdim olunur. Dünyada analoqu olmayan Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları və s. Bu sərvətlərin mövcudluğu Azərbaycanının sağlamlıq turizmini dünya məkanına çıxarmaq baxımından əhəmiyyətlidir.

Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ötən il Naftalana dünyanın 75-dək ölkəsindən 35 mindən çox turist gəlib. İnanırıq ki, yaxın gələcəkdə daha böyük nəticələr əldə ediləcək. Müasir dövrümüzdə sağlamlıq turizminin inkişafı istiqamətində mühüm işlər görülür. Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmə bu istiqamətinə xüsusi diqqət ayrılıb. Ölkəmizdə mövcud olan sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək üçün tədbirlər həyata keçirilir. Ölkəmizdə sağlamlıq turizminin inkişafına ayrılan diqqətin nümünəsidir ki, "Qalaaltı" Müalicəvi İstirahət Kompleksi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzvdür. Bundan əlavə, AHİSTA AZTA ilə birgə əməkdaşlıqla bağlı uzunmüddətli memorandumun imzalanması Azərbaycanın sağlamlıq turizmi imkanlarının tanıdılmasına və bu sahədə uğurların əldə olunmasına rəvac verir.

AZƏRBAYCAN PALÇIQ VULKANININ İNKİŞAF ETDİYİ UNİKAL ÖLKƏDİR

Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycanda palçıq vulkanı da turistlər üçün cəlbedici məkan olaraq diqqətdədir. Bildiyimiz kimi, dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri və kurortlar inşa edilir. Palçıq vulkanlarının diyarı kimi tanınan Azərbaycan da təbiətin ona bəxş etdiyi bu imkandan lazımi səviyyədə istifadə edir. Azərbaycanın mövcud potensialı, onun palçıq vulkanı bu sahədə görüləcək işlər üçün münbit şəraiti formalaşdırıb. Azərbaycanın ərazisi planetimizin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur. Məlum olduğu kimi, Yer kürəsində olan 600-dən çox palçıq vulkanlarından 300-dən çoxu Şərqi Azərbaycanın quru hissəsində və ona birləşən Xəzərin akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar əraziyə təsadüf edilmir. Yalnız Qobustanda 100-dən çox palçıq vulkanı var.

Palçıq vulkanları ərazilərinin böyük turizm potensialı var. Azərbaycan ərazisində bu sayda palçıq vulkanının qeydə alınması ölkəmizin böyük təbii sərvətidir. Müasir dövrümüzdə dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir və müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək, milyonlarla gəlir əldə edirlər. Azərbaycanın da təbii imkanları, kurort zonaları ölkənin turizm bazasına lazımi qədər gəlir gətirmək imkanındadır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə