Xalq artisti Canəli Əkbərovun 78 yaşı tamam olur
Xanəndəlik sənətində öz ifa tərzi, səhnə mədəniyyəti, güclü səsi ilə seçilən ustad sənətkarlarımızdan biri də respublikamızın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müdiri, "Şöhrət" və "Şərəf" ordenli Canəli Əkbərovdur. O, 1940-ci ilin bu günündə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur.
Uşaqlıqdan xanəndəliyə böyük həvəsi olan C. Əkbərov ilk olaraq muğamın sirrlərini atası Xanəli kişidən öyrənmişdir. Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyib, öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. 1965 ci ildə xanəndə Azərbaycan Dövlət Filarmoniyasının solisti qəbul olunur, 1976-cı ildə isə Azərbaycan Dövlət Opera və Balet Teatrı-na gəlir və teatrda solist kimi fəaliyyətə başlayır. Xanəndə bu teatr səhnəsində muğam operalarında Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) və digər bir sıra yadda qalan obrazlar yaratmışdır.
C.Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və bir sıra ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. Həyatından sətirlər: 1956-cı ildə orta məktəbi əla qiymətlərlə bitirən Canəli Əkbərov ata-anasının arzusu ilə Lənkərən Şəhər Tibb Texnikumuna daxil olur. 10 il Boladi kənd xəstəxanasında feldşer işləyən Canəli Əkbərov incəsənətdən də ayrı düşmür. Rayonun əksər mədəni-kütləvi tədbirlərində Ağacəbrayıl Abasquliyevin rəhbərlik etdiyi ansamblda atası Xanəli ilə birlikdə çıxış edir. Ətraf rayon və kənd toylarının aparıcı xanəndəsi olur. Atasından, eləcə də saatlarla qulaq asmaqdan doymadığı Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Mütəllim Mütəllimov, Seyid Şuşinski, Malbəyli Həmid, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev və digər xanəndələrin qrammofon vallarından öyrəndikləri muğam və təsniflər gənc xanəndənin karına gəlir. Bu səslər içində bir səs də vardı ki, onu Canəli min səsin içindən seçə bilirdi. Bu isə xan əminin səsi idi. 1961-ci ildə Səid Rüstəmovun rəhbərlik etdiyi gənclərin ümumrespublika festivalında "Heyratı" zərb-muğamına görə o, festivalın ən yüksək mükafatı - "Qızıl medal"a layiq görülür. Bu münasibətlə dövrün ən nüfuzlu qəzetlərindən sayılan "Sovet kəndi" gənc ifaçının bu uğuruna geniş yer ayırır.
1963-cü ildə üç uşaq atası olan Canəli Əkbərov heç kəsə xəbər etmədən Bakıya gəlir. Sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbinə verir. Qəbul imtahanında S.Şuşinski, Ə.Bakıxanov gəncin səsini, qəzəlləri səlis oxuduğunu bəyənirlər. Əhməd Bakıxanov gənc xanəndə ilə maraqlanıb - oğul, haralısan? - deyə xəbər alır.
- Lənkərandanam, müəllim, - deyə cavab verir. - Lənkəranda kimlərdənsən? - Xanəndə Xanəlinin oğlu olduğunu bildikdə tanıyır... Vaxtilə onu Bakıya dəvət etmişdim. Lakin o gəlmədi, gözəl səsi, böyük gələcəyi ola bilərdi, - deyə təəssüflənsə də, ifama çox yüksək qiymət verdi. Qəbul imtahanlarını müvəffəqiyyətlə verdim. Səhəri gün Əhməd Bakıxanov məni evinə dəvət etdi. "Rast" oxumağımı xahiş etdi. "Rast"ın əraq şöbəsini yenicə başlamışdım ki, məni saxladı. Tarı yerinə qoyub oğul, sən mənə Cabbarı xatırlatdın. Sənin işıqlı yolun var - dedi. O, məni ansamblına qəbul etdi.” Beləliklə, 1963-cü il avqustun 2-də Canəli Əkbərov filarmoniyaya solist qəbul edilir. Həbib Bayramov, Məmmədağa Muradov, Firudin Ələkbərov və digər tanınmış müğənni və ifaçılarla tanış olub birgə yaradıcılıq əlaqələri saxlayır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışır.
Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmlşdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır. Canəli Əkbərov: “ İki dəfə Ümumdünya Səmərqənd muğam simpoziumunun iştirakçısı olmuşam. Hər dəfə də ölkəmizi layiqincə təmsil edib adını yüksəltməyə çalışmışam. Axırıncı dəfə "Heyratı" zərb muğamına və Daşkənd xoru ilə bəstəkar Nazim Əliverdibəyovun "Bayatı-Şiraz" akopellasına qulaq asan Hamburq Universitetinin professoru Yurgen Erstner ifamı bəyənərək "Mən muğamı olan çox ölkələri gəzmişəm. Lakin muğamın kamillik səviyyəsini Azərbaycanda gördüm" - dedi. Bu mənada arzum idi ki, belə bir mötəbər tədbirlər Azərbaycanda da keçirilsin. Şəhərimizin ən gözəl yerində - Xəzərin sahilində dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi tikildi. Sevinirəm ki, onun bünövrəsinə, bir ovuc da olsa, torpaq atmışam. Milyon-milyon kişilərin edə bilmədiklərini bir qadın olaraq Mehriban xanım bacardı. Azərbaycanın muğam bayrağını dünyanın nüfuzlu təşkilatı YUNESKO-nun ən uca zirvəsinə qaldırdı. Sevinirəm ki, dünyanın bir çox muğam biliciləri, ifaçıları ölkəmizdə keçirilən beynəlxalq muğam festivallarında Azərbaycan muğamına səcdəyə gəldilər. Mən düz 10 il Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Astara şəhərində uşaq muğam müsabiqələrinin keçirilməsinə rəhbərlik etmişəm. Neçə-neçə gənc istedadın üzə çıxmasında, ərsəyə gəlməsində az-çox mənim də əməyim olub. Sevinirəm ki, teatr sahəsində də xidmətlərim az olmayıb. Neçə-neçə "Leyli və Məcnun", "Qərib" və "Şahsənəm" rollarının ifaçılarının həm müəllimi, həm də səhnədə tərəf-müqabili olmuşam. Sevinirəm ki, 2005 və 2007-ci il muğam televiziya müsabiqələrində tələbələrim Babək Niftəliyev və Ehtiram Hüseynov qalib olmuşlar. Ehtiram Hüseynov 2011-ci ildə keçirilən II beynəlxalq muğam festivalının da qalibi olmuşdur.”
Qısa zaman kəsiyində Canəli Əkbərov "Leyli və Məcnun"da Məcnun, İbn Salam", "Əsli və Kərəm"də Kərəm, "Şah İsmayıl"da Şah İsmayıl, "Gəlin qayası"nda Camal, Məmməd Quliyevin "Aldanmış ulduzlar"ında Axund, "Sevil"də azançı və bir sıra digər tamaşalarda uğurla çıxış edir. 1981-ci ildə ilk dəfə olaraq Vətən Cəmiyyətinin xətti ilə Almaniyaya qastrol səfərinə gedir. Tanınmış tarzən Həmid Vəkilov və kamançaçı Arif Əsədullayevlə birgə möhtəşəm bir konsert verir. Oxuduğu "Heyratı" zərb muğamını bütün zal ayaq üstdə alqışlayır. O vaxt qrupa rəhbərlik edən Nəbi Xəzri "Vaxt vardı sovet bombası dağıtdı buranı, bu gün isə sənin səsin" - deyə Canəlinin əlini sıxıb təbrik edir. Almaniya səfəri Canəli Əkbərov yaradıcılığında çox önəmli rol oynayır. Onun ardınca Fransa, ABŞ, Şərq ölkələri, İsveçrə, İtaliya, bir sözlə, hər yerdə hörmət və ehtiramla qarşılanan Canəli Əkbərov Azərbaycan incəsənətinə, ulu muğam sənətinin layiqli təbliğinə görə 1989-cu ildə respublikanın əməkdar, 1992-ci ildə isə xalq artisti fəxri adına layiq görülür. Bu gün radionun qızıl fondunda ustad xanəndənin "Şur", "Zabul-segah" , "Orta mahur", "Mahur-hindi", "Şahnaz", "Mənsuriyyə", "Arazbarı", "Heyratı", "Çahargah" muğam dəsgahı qorunub saxlanır. Bəstəkar Cavanşir Quliyevin təbirincə desək, Canəli Əkbərov kimi zəngin fonetikası olan ikinci bir xanəndə yoxdur. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 9-da Opera Teatrı səhnəsindəki əvəzsiz xidmətlərinə görə onu "Şöhrət" ordeni ilə təltif edir. 2010-cu il martın 4-də isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Canəli Əkbərov "Şərəf" ordeninə layiq görülür. Bütün bunlar Azərbaycan xalqının, xüsusən də möhtərəm Prezidentimiz İlham Əliyevin Canəli Əkbərov sənətinə olan diqqət və qayğısının bariz nümunəsidir. Tanınmış sənətçimiz hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının professorudur. Onun tərtib etdiyi muğam proqramı uğurla tədris olunur. Canəli Əkbərovun çoxsaylı tələbələri var. Onların əksəriyyəti fəxri adlara layiq görülüb. Hazırda ustad xanəndə ilə birlikdə çiyin-çiyinə çalışırlar. Bunlardan xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları, Zabit Nəbizadə, Bəsti Sevdiyeva, Sahibə Əhmədova, Raziyyə Şirinova və başqalarının adlarını çəkmək olar. Yaşının bu çağına baxmayaraq, gündəlik məşqlər, konsertlər, elmi-praktiki konfrans və muğam simpoziumları ona daha böyük zövq verir. O, muğamı yaşadır. Muğam da öz növbəsində ona başucalığı, şöhrət və şərəf gətirir.
Bu yaxınlarda tanınmış muğam ifaçısı müsahibələrinin birində deyir: Məni cavan, gümrah saxlayan da xoş söz və insanların bitib-tükənməyən sevgisidir. Buna görə cavan qalmışam. Heç kim inanmır ki, 78 yaşım tamam olur. Heç özüm də inanmıram, çünki özümü bu yaşda hiss etmirəm. Ruhumun yaşı çox cavandır. Bu yaşımda hələ də səhnədəyəm, hələ də tələbələr yetişdirirəm. Səsim də yerindədir, özüm də. Allahdan da özümə sağlam ömür arzulayıram”.
Biz də məşhur muğam ifaçısına can sağlığı, uzun ömür və sənətində yeni uğurlar arzulayırıq!
Hazırladı: Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB