“SAHƏ” bədii filminin operatorları Beynəlxalq Festival Jürisinin xüsusi mükafatına layiq görülüblər - FOTO

“SAHƏ” bədii filminin operatorları Beynəlxalq Festival Jürisinin xüsusi mükafatına layiq görülüblər - FOTO
"Narimanfilm" kinostudiyasının istehsalı olan "SAHƏ" bədii filminin operatorları Konstantin Esadze və Varlam Karçxadze "Golden Eye" kino və teleoperatorlar Beynəlxalq Festival Jürisinin xüsusi mükafatına layiq görülüblər. Bu barədə SİA-ya "Narimanfilm" kinostudiyasından məlumat verilib.

Məlumata görə, festivalda Azərbaycan, Rusiya, Ukrayna, Ermənistan, Belorus, Estoniya, ABŞ, Almaniya, Hollandiya, İspaniya, Horvatiya, Braziliya, Hindistan, Pakistan və Avstriyadan olan kino və teleoperatorlar iştirak ediblər. Həmçinin, Harris, Sony, Canon, JVC, Fujinon, Telex, Panasonic, Vitec Group kompaniyalarının nümayəndələri də festivalın qonağı olublar.

Azərbaycan tərəfindən Oskar mükafatı uğrunda mübarizəyə qoşulacaq "SAHƏ" (The Precinct) bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır.

Məlumat üçün bildirək ki, film Azərbaycan (Narimanfilm) və Gürcüstan (Georgianfilm və BagiraFilms) ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və PAŞA Bank-ın iştirakı ilə ərsəyə gətirilib.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Həmçinin, Məmməd Səfa, Sonaxanım Mikayılova, Ruslan İsmayılov, Midhət Aydınov, Rafiz Mehdizadə, Nina Rakova (Rusiya), Ramis İbrahimov (Rusiya) və başqa aktyorlar da filmin çəkilişlərində iştirak ediblər.

Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri isə Nəriman Məmmədovdur.

Qeyd edək ki, fim haqqında daha geniş məlumatı www.theprecinct.az və www.narimanfilm.az saytlarında tapmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə