Bəxtiyar Vahabzadə Şəkidə anıldı

Azərbaycan Xalq şairi, dramaturqu, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Bəxtiyar Vahabzadənin adını daşıyan “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoyublar. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirilib.

Tədbiri giriş sözü ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli açıb. O, Vahabzadə muzeyinin onun evində açılması və həmin muzeydə böyük şairin irsini təbliğ etməsi ilə fəxr etdiyini söyləyib.

Sonra Nakam adına mərkəzi kitabxananın Xidmət və abonement şöbəsinin abonement bölmə müdiri D.Yaqubova B.Vahabzadənin Şəki, Azərbaycan və Türk dünyası üçün kim olduğu, onun yaradıcılığının oxucular tərəfindən sevilərək oxunduğu, kitabxanada onun əsərlərinin külliyatının olduğunu və "Youtube" səhifələrində onun öz səsində və müxtəlif səsli şeirlərinin olduğu haqqında məlumat verib.

Sonra kitabxananın direktor müavini R.Əhmədova və Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayeva B.Vahabzadənin vəfatının Azərbaycan ədəbiyyatına böyük itki olduğunu qeyd ediblər. Onu da qeyd etdilər ki, onun bu günə qədər yazdıqları illər ötsə də öz aktuallığını itirməyəcək. O, min il bundan əvvəlin və min il bundan sonranın şairidir.

Tədbir “Türk dünyasının Bəxtiyarı” adlı sərgiyə baxışla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə