Azərbaycan nümayəndələri İƏT Turizm Nazirlərinin 10-cu Konfransında FOTOLAR

Azərbaycan nümayəndələri İƏT Turizm Nazirlərinin 10-cu Konfransında FOTOLAR

Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransda ölkəmizi Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Səfər çərçivəsində Nazim Səmədov Banqladeşin turizm və mülki aviasiya naziri Şahcəlal Xan ilə görüşüb. Görüş zamanı Azərbaycanın turizm potensialı, iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair müqavilə-hüquq bazasının yaradılması, qarşılıqlı turist mübadiləsi barədə danışılıb. Həmçinin Qəbələ şəhərinin 2020-ci il üçün İƏT Turizm Paytaxtı seçilməsi, İƏT Turizm Koordinasiyası Komitəsinə keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyi, “EXPO 2025”-in Bakı şəhərində keçirilməsi ilə əlaqədar Banqladeş tərəfindən ölkəmizə dəstək ifadə olunub.

Həmin gün Azərbaycan nümayəndə heyəti Bəhreyn Krallığının sənaye, ticarət və turizm naziri və “Gulf Airline” şirkətinin rəhbəri Z.R.Əlzəyani ilə görüşüb. Görüşdə iki ölkə arasında turizm üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, 2017-ci ilin 11-12 dekabr tarixində Oman Sultanlığının paytaxtı Maskat şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən ll Ümumdünya Turizm və Mədəniyyət Konfransı zamanı Azərbaycan tərəfinin irəli sürdüyü təklifə əsasən cari ilin yay ayılarında Bəhreyndən Azərbaycana birbaşa aviareyslərin açılacağı bildirilib.

6 fevral tarixində Banqladeş Xalq Respublikasının Baş naziri Şeyx Hasina Vazed və İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osayminin iştirakı ilə İƏT Turizm Nazirlərinin 10-cu Konfransının rəsmi açılışı oldu. Baş katib öz çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişə zonalarındakı İslam irsinin qorunmasının əhəmiyyətini qeyd edib.

Açılışdan sonra baş tutan konfransda çıxış edən Nazim Səmədov Azərbaycanın yüksək səviyyəli turizm infrastrukturu, ölkəmizdə turizm sahəsində aparılan islahatlar, İƏT ölkələri ilə turizm sahəsində əməkdaşlıq məsələləri, İƏT ölkələrindən ölkəmizə turist səfərlərinin sayının 2016-cı ilə nisbətən 2017-ci ildə 34% artması və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfədən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı seçilməsindən danışan Nazim Səmədov “EXPO 2025”-in keçirilməsi üçün namizəd şəhərlər sırasında Bakının yeganə İslam paytaxtı olduğunu vurğulayaraq İƏT ölkələrini namizədliyimizi dəstəkləməyə çağırıb.

Konfrans çərçivəsində həmçinin Ərəb Turizm Təşkilatının prezidenti Bandar Fahad Əl-Fehaid, Niger Respublikasının turizm və əl işləri naziri Botto Ahmet, Ümumdünya Turizm Təşkilatının Asiya və Sakit okean üzrə Regional Proqramının direktorunun müavini Harri Hvanq, Banqladeş Xalq Respublikasının Turoperatorlar Assosiasiyasının prezidenti, Banqladeş Ticarət və Sənaye Palataları Federasiyası prezidentinin müşaviri Toafiq Uddin Ahmed, Banqladeş Turizmi İnkişaf Etdirənlər Assosiasiyasının sədri Sied Həbib Əli, Səudiyyə Turizm və Milli İrs üzrə Komissiyası prezidentinin köməkçisi Xalid İ. Əl-Daxil, Bəhreyn Krallığının Sənaye, Ticarət və Turizm Nazirliyinin katibi və Banqladeş Turizm Şurasının direktoru Bhubon Çandra Bisvas, İordaniya Turizm Şurasının icraçı direktorunun müavini, marketinq direktoru Adel Amin, İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm nazirinin planlaşdırma və investisiya üzrə müavini Said Ohadi ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə sözügedən ölkələr arasında turizm üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə