“Uşaq Kitab Karvanı” oxucularla görüşə gəlir

“Uşaq Kitab Karvanı” oxucularla görüşə gəlir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində cari ilin noyabr ayının 6-da Salyan, 7-də Neftçala, 8-də Biləsuvar və 9-da Sabirabad rayonlarına səfər ediləcək. SİA-nın məlumatına görə, səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Qəşəm İsabəyli və Reyhan Yusifqızının oxucularla görüşləri keçiriləcək.

2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara (şəhərlərə) səfərlərin təşkilində başlıca məqsəd bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir. Bu günə qədər layihə üzrə respublikamızın 22 rayonuna (şəhərinə) kitab karvanı yola düşmüş və regionlarda fəaliyyət göstərən kitabxanaların müvafiq bölmələrinə ümumilikdə 19 670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə